16 May 2024
Prezidentin Qarabağla bağlı ilk tapşırığı bu olub - Nazir

Prezidentin Qarabağla bağlı ilk tapşırığı bu olub - Nazir

24 Dekabr 2021
Baxış: 510

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizlə bağlı ilk tapşırığı həmin torpaqların əkilib becərilməsi ilə bağlı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda bildirib.

“Ermənilər 30 il ərzində işğal altında qalmış torpaqlarımıza sözün əsl mənasında zülm edib, oraları kortəbii şəkildə, barbarlıqla istismar edib. Üzüm sahələrimiz, taxıl tarlalarımız, pambıq sahələrimiz, meyvə bağlarımız tikanlığa cevrilib, viran edilib, mesələrimiz qırılıb, bulaqlarımız quruyub. Bu torpaqlara qarşı ekoloji terror törədilib. Ali Baş Komandan işğal altında olan torpaqlarımızı təkcə azad etməyib, həm də, zülmdən qurtarıb, o torpaqlara böyük mərhəmət, lütf bəxş edib. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb”, - o deyib.

İ.Kərimov əlavə edib ki, torpaqlarımızın azad edilməsindən sonra rəhbərlik ediyi qurumun qarşısında bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, məhv edilmiş kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq, bu torpaqlara yeni həyat vermək vəzifəsi qoyub:

"Qarşımıza qoyulan vəzifələrin uğurla icrası üçün quruculuq işlərində ən müasir aqrar innovasiyalar tətbiq olunur. Bunu zəruri edən təkcə aqrar sahədə daha uğurlu nəticələr əldə etmək deyil. İnnovativ yeniliklər həm də qlobal iqlim dəyişikliyinin təbiətə, kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirməyə kömək edir.

Təəssüflər olsun ki, bu gün bütün dünyada torpaq və su resursları nizamsız şəkildə istifadə olunur. Bu isə son nəticədə ekoloji fəlakətə, iqlim dəyişikliyinə, qlobal istiləşməyə gətirib çıxarır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) son hesabatında qeyd olunur ki, torpaq və su ekosistemləri güclü təzyiqlə üz-üzədir. Qlobal iqlim dəyişikləri, su catışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Hesabat müəllifləri dünya ölkələrini torpaq və su ehtiyatlarından istifadədə innovativ yeniliklər tətbiq etməyə çağırırlar. Kənd Təsərrüfatı Nazirliyi həm də bu səbəbdən aqrar sahədə innovasiyaların tətbiqini özünün fəaliyyət prinsipindən biri elan edib. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası prosesində innovasiyalar əsas elementə çevrilib".