16 May 2024
"Paşinyan bu təklifi ilə İranda da göstərdi ki, Zəngəzur dəhlizinin açılmasını istəmir" - Politoloq Rüstəm Tağızadə

"Paşinyan bu təklifi ilə İranda da göstərdi ki, Zəngəzur dəhlizinin açılmasını istəmir" - Politoloq Rüstəm Tağızadə

07 Avqust 2021
Baxış: 1363

İranda yeni seçilən Prezident İbrahim Rəisinin avqust ayının 5-də andiçmə mərasimi olub. Ermənistanın Baş naziri də İrana səfər edən rəsmi qonaqlar sırasında idi.

Görünür, Nikol Paşinyan İranda yenə provakasiya axtarışındadır.

Paşinyan andiçmə mərasiminə qatılmaqla Ermənistanın İranla olan münasibətlərinə böyük ölçüdə əhəmiyyət verdiyini göstərir. Nikol Paşinyan ilk dəfə İranda rəsmi səfərdə 2019-cu ilin fevral ayında olmuşdur. Bildiyimiz kimi, Ermənistan müstəqillik qazandıqdan bəri İranla ticarət dövriyyəsi ən çox Nikol Paşinyanın dövründə qeydə alındı. Nikol Paşinyan İranda səfərdə olarkən “Ararat” idman-sağlamlıq mərkəzində erməni icması ilə görüş keçirdi. Paşinyanın görüşdə çəkilmiş şəklində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağının və “Qarabağ Ermənistandır” şüarının olması böyük qalmaqala səbəb olmuşdu. Rəsmi Bakı toplantıda olanlara görə İrandan aydınlıq gətirilməsini tələb etmişdi. Bu, birbaşa İran-Azərbaycan əməkdaşlığına qarşı bir təxribat idi. Təbii ki, İran hökuməti bunun təxribat olduğunu çox gözəl bilirdi və bildirdi ki, zalda olan bəzi ermənilər saxlanılıb.


İranda andiçmə mərasimində olan Nikol Paşinyan İbrahim Rəisi ilə görüş keçirdi. Görüş zamanı Rəisi Ermənistanla siyasi, iqtisadi,humanitar sahələrdə əməkdaşlığa önəm verdiyini bildirib. Nikol Paşinyan isə İranla əməkdaşlığın Ermənistan üçün birinci dərəcəli olduğunu vurğulayıb. Bundan əlavə Paşinyan Şimal-Cənub tranzit yolunun tikintisinə olan marağı alqışlayaraq, İran şirkətlərinin Mehri-Qarakilsə hissəsinin tikintisinin tenderində iştirakını müzakirə etməyə hazır olduğunu qeyd edib. Bundan başqa tərəflər enerji sahəsinə də toxunublar.

Niyə Paşinyan Mehri-Qarakilsə avtomobil yolunun tikintisini bu qədər önəmli görür?

Paşinyan birinci növbədə sətiraltı cümlələrlə Azərbaycana çatdırmaq istəyir ki, Zəngəzur dəhlizinin açılmasını istəmir.

Bundan başqa Paşinyan Ermənistanı iqtisadi blokadadan çıxartmaq üçün ümid yerini İranda görür.

Ancaq bölgədə tək İran mövcud deyil. Gürcüstan, Azərbaycan, Rusiya, Türkiyə kimi dövlətlər var. Paşinyan ikinci Qarabağ müharibəsindən sonra dəfələrlə qeyd etmişdi ki, Zəngəzur dəhlizinin açılmasının əleyhinədirlər.

Lakin artıq İran da başa düşür ki, Azərbaycan Qarabağ müharibəsindən qalib çıxmışdır.

Burada başqa nüans vardır.

Məsələ odur ki, İran Azərbaycanın qələbəsini həzm edə bilmir. Qonşusunda güclü dövlətin olmasını istəmir.

Mövcud geosiyasi reallıqlar göstərir ki, Azərbaycan regionda sülhün bərqərar olmasında əməli addımlar atıb. İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi rasional siyasət yürütməli və Ermənistanın İran üzərindən təxribat xarakterli çıxışlarına icazə verməməlidir. İbrahim Rəisi prezident kimi vəzifəsinin icrasına yeni başlamışdır. Xarici siyasət kursunda Azərbaycanla əlaqələrin daha da inkişafı üçün zaman lazımdır, bu zamanı isə düzgün qiymətləndirib Azərbaycanın maraqlarına zidd olan addımlar atılmamalıdır.

Rüstəm Tağızadə,

politoloq