15 May 2024
MOSSAD SEPAH-a SIZIB: İsrailin İranı hədəf alan “Oktopus doktrinası” nədir? - TƏHLİL

MOSSAD SEPAH-a SIZIB: İsrailin İranı hədəf alan “Oktopus doktrinası” nədir? - TƏHLİL

23 Yanvar 2024
Baxış: 334

Təl-Əviv hazırda İranı birbaşa hədəf alan və “Oktopus doktrinası” adlandırdığı yeni fəaliyyəti planını tətbiq edir.

AJMEDİA.İNFO xəbər verir ki, İsrailin həyata keçirdiyi xüsusi əməliyyatlara İranın hərbi və nüvə obyektlərini hədəf alan hücumlar daxildir. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə və Tehrana bağlı "Hizbullah", HƏMAS və digər silahlı qruplaşmaların rəhbərlərinə qarşı sui-qəsd əməliyyatları mahiyyət etibarilə “qəzəb”ə səbəb olur.


Bu sui-qəsd əməliyyatlarından sonuncusu yanvarın 20-də Suriyada SEPAH-ın Qüds Qüvvələrinin kəşfiyyat zabiti Sadiq Ümidzadə, onun müavini və digər iki təşkilat üzvünün İsrailin Dəməşqdəki bombardmanları nəticəsində öldürülməsi olub.


ABŞ-nin “The Washington Post” qəzetinin yazdığına görə, Mezzeh məhəlləsində öldürülən iranlı zabitlərin ABŞ qüvvələrinə qarşı hücumların təşkilatçısı olmaları bu sualları gündəmə gətirib: İran təhlükəsizlik qüvvələrinin və SEPAH-ın kəşfiyyat məlumatlarının sızması ilə qarşı-qarşıyadırmı? MOSSAD öz məqsədlərinə çatmaq üçün İran agentlərindən istifadə edirmi?

İsrail İran təhlükəsizlik qüvvələrinin daxilinə sızmağı bacarıb

2021-ci ilin iyununda İranın keçmiş kəşfiyyat naziri Əli Yunisi bildirmişdi ki, İsrail kəşfiyyatının İrana sızması elə bir həddə çatıb ki, bütün İran rəsmiləri öz həyatları üçün narahat olmalıdırlar.1998-2005 illərində hakimiyyətdə olmuş eks-prezident Məhəmməd Hatəminin dövründə kəşfiyyat naziri vəzifəsində çalışmış Əli Yunusi onun nazir olduğu dövrdən sonra Kəşfiyyat Nazirliyinə paralel olaraq yaradılan yeni qurumlar səbəbilə nazirliyin zəiflədiyini qeyd edib. Ə. Yunisinin sözlərinə görə, MOSSAD-ın fəaliyyətinə etinasız yanaşma onun İrana bu şəkildə sızmasına, hücumlarına səbəb olub və iş o yerə çatıb ki, İrandakı dövlət rəsmiləri açıq şəkildə təhdid edilir.İran rəsmilərinin MOSSAD-ın sızma fəaliyyətləri ilə bağlı xəbərdarlığı ilk dəfə olmayıb. Bu məsələyə ilk diqqət çəkən şəxs SEPAH-ın keçmiş komandirlərindən olan Hüseyn Alayi olub və bu xəbərdarlıqlar sonradan SEPAH-ın keçmiş komandiri Muhsin Ridayi və İranın eks-rezidenti Mahmud Əhmədinejad tərəfindən də səsləndirilib.

"Iran Wire" saytının o zamankı məlumatına əsasən, bu vəziyyət İsrailin İran rəsmilərini qorumaqla vəzifələndirilən "Ənsar" Mühafizə Birliklərinə geniş şəkildə nüfuz etdiyini nümayiş etdirirdi. Eyni zamanda, saytdakı məlumatda qeyd olunurdu ki, müxtəlif dövrlərdə İran rəsmilərinin mühafizəçilərindən bəziləri ABŞ-yə qaçıb və beləliklə ABŞ ilə İsrailin "Ənsar" Mühafizə Birliklərinin daxilində şəbəkə yaratması ehtimal oluna bilər.


Sabiq prezidentlərdən Mahmud Əhmədinejad mətbuata verdiyi müsahibəsində İran kəşfiyyatında xidmət göstərən bir xarici kəşfiyyat zabitinin şəxsən İsrail üçün casusluq etdiyini öyrəndiyini bildirmiş və o dövrdə nüvə və raket sahələrində çalışan qurumların içində geniş yayılmış, mütəşəkkil təhlükəsizlik sızmalarının mövcudluğunu vurğulamışdı.


M. Əhmədinejad diqqətə çatdırmışdı ki, prezident kabinetindəki dolabda saxlanılan İran Kosmik Agentliyinə məxsus sənədlər MOSSAD agentləri tərəfindən tavanda deşik açılaraq götürülüb və təhlükəsizlik orqanları ölkədəki ən mühüm nüvə sənədlərinin oğurlanmasına səssiz qalıb.


İsrail isə MOSSAD-ın fəaliyyətini nadir hallarda şərh edir. İsrail ordusunun istefada olan generalı və Müdafiə Nazirliyinin keçmiş rəsmisi Amos Gilad bunun əsaslı səbəbinin olduğunu deyib:


"Mən hər cür təbliğatın əleyhinəyəm. Əgər hücum etmək istəyirsənsə, hay-küy salmadan et. MOSSAD-ın etibarının sirri ictimaiyyətin diqqətindən yayınmadan gizli əməliyyatlar həyata keçirməsindədir".(BBC, 2022-ci il)

Təl-Əvivin hücum metodları İranı çaşbaş qoyub

İranlı nüvə alimi Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehranın şərqindəki Dəmavənddə öldürülüb. İranın təhlükəsizlik və media qurumlarında əməliyyatla bağlı çaşqınlıq ilk andan açıq-aşkar görünüb. Belə ki, səlahiyyətli orqanlar “İran nüvə bombasının atası” adlandırılan Fəxrizadəni qoruya bilməmələrində günahı bir-birilərinin üstünə atmağa başladılar.


İran ərazisində həyata keçirilən sui-qəsd xalqın qəzəb dalğası ilə qarşılandı. Tehran küçələrində etirazlar baş verdi, hadisə pislənərək cəld reaksiya vermək tələb olundu. Etirazçı kütlə təhlükəsizlik rəsmilərini günahlandırırdı.


Bəzi sosial media istifadəçiləri isə belə yazırdılar: “Kəşfiyyat və təhlükəsizlik xidmətləri əməkdaşlarının feminist fəalları, jurnalistləri və fərqli düşüncəli insanları sıxışdırmaqla məşğul olduqları bir vaxtda nüvə alimləri küçədə günün günorta çağı sui-qəsdlə öldürülür”.


Maraqlıdır ki, İran təhlükəsizlik xidmətləri 2020-ci ilin əvvəlində bir çox insidentlərin qarşısını ala bilməyib. Həmin il yanvarın 3-də qətlə yetirilən “kölgə adam”, Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin sui-qəsdinin ssenarisi barədə dolğun məlumat verilməyib.


Süleymani və Fəxrizadənin gizli həyat sürdükləri məlum idi. Sui-qəsddən sonra İran rəsmilərinin açıqlamaları arasında ziddiyyətlər özünü büruzə verdi. Rəsmi bəyanatı bir neçə gün sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani verdi: "Sui-qəsd elektron cihazlardan istifadə edilərək həyata keçirilən mürəkkəb əməliyyat idi və hadisənin icrasında fiziki olaraq insan iştirak etməyib”.


İranın "Mehr" Xəbər Agentliyinin verdiyi məlumata görə, SEPAH komandirinin müavini Əli Fədəvi isə bunları qeyd edib:


"Sui-qəsd peyklər və internetlə idarə olunan süni intellekt vasitəsilə, pulemyotla həyata keçirilib. Hadisə yerində terrorçu olmayıb".


“New York Times” qəzetinin həmin ilin 27 noyabr tarixli məlumatında bu ziddiyyətin “hökumət daxilində gərginlik” mənasına gəldiyi qeyd edilir və belə izah edilir:


"Hər iki tərəf məsuliyyəti öz üzərindən atmağa çalışır. Fəxrizadənin qətlinin rejimi silkələyən hadisə olması qurumları hadisəni yenidən yazmağa və elmi fantastik roman kimi yönləndirməyə vadar edib".


Adı çəkilən qəzet üç kəşfiyyat rəsmisinin Fəxrizadənin qətlinin arxasında İsrailin dayandığını təsdiqlədiyini yazıb.

MOSSAD Tehranda özünü qonaq kimi hiss etməyib

İsrailin Baş naziri Benyamin Netanyahu 2018-ci ilin may ayında keçirdiyi mətbuat konfransında İsrail kəşfiyyatının İranda ələ keçirdiyi və İsrailə gətirdiyi sənədləri təqdim edib. Həmin vaxt o, İranın nüvə proqramı ilə bağlı mühüm təfərrüatlardan danışaraq “Bu adı xatırlayın: Fəxrizadə” demişdi.


İsrail məlumatlarına əsasən, Fəxrizadə yeni minilliyin əvvəlində ölkəsinin hərbi nüvə proqramını "Əl-Əməl" kod adı ilə idarə edirdi. “Yedioth Ahronoth” qəzetinin kəşfiyyat məsələləri üzrə analitiki Ronen Berqman 4 dekabr 2020-ci ildə dərc olunan “Fahrizade File” adlı məqaləsində MOSSAD-ın 2018-ci ildə keçirdiyi əməliyyat zamanı Tehranda 55 min səhifədən çox məxfi sənəd əldə etdiyini bildirib.


O qeyd edib ki, təşkilatın agentləri xüsusi cihazlardan istifadə edərək içəridən kiminsə köməyi olmadan daxil olmaq mümkün olmayan və etibarlı yerdə möhkəm formada bağlanmış bir neçə seyfi açıblar. O, İsrail kəşfiyyatının 1993-cü ildən iranlı nüvə aliminin fəaliyyətini izlədiyini və nüvə proqramının ilk addımlarının o zamandan atıldığını vurğulayıb.


Britaniyanın “The Times” qəzeti o zaman dərc etdiyi təhlildə MOSSAD-ın Tehranın mərkəzində keçirdiyi əməliyyatı İran təhlükəsizlik xidmətləri, xüsusən də İranın nüvə proqramının hərbi seqmentinə cavabdeh olan SEPAH üçün skandal kimi qiymətləndirib. Təhlildə qeyd olunur ki, kəşfiyyat rəsmiləri iranlı alimin öldürülməsini MOSSAD-ın İranın nüvə proqramını məhv etmək layihəsinin kulminasiya nöqtəsi kimi səciyyələndirirlər.


Yazıda gizli uran zənginləşdirmə laboratoriyalarında təmiz görünən yaddaş kartından istifadə edilərək "Stuxnet" virusunun dahiyanə şəkildə əməliyyat sistemlərinə daxil edilməsindən də bəhs edilib.


2010-2012-ci illərdə Tehranda dörd iranlı nüvə alimindən üçü (Məsut Məhəmmədi, Məcid Şəhriyar, Dərviş Rizayinecat) maqnit bombalarından istifadə edilərək sui-qəsdlə öldürülüb. Mustafa Əhmədi Ruşan adlı dördüncü alim isə evinin qarşısında güllələnərək qətlə yetirilib.

İran rəsmiləri bu əməliyyatlarla bağlı İsrail və ABŞ-ni ittiham edib. İsrail ittihamları şərh etməkdən imtina edib, lakin keçmiş müdafiə naziri Moşe Yalon aşağıdakı bəyanatı verib:


"İsrail heç bir halda İranın nüvə silahına sahib olmasına razı ola bilməz. Bunun bir razılaşma və ya sanksiyalar çərçivəsində edilməsini istərdik, lakin İsrail istənilən təhlükə qarşısında özünü müdafiə edəcəkdir".

“Oktopus doktrinası” nədir?

İran və İsrail tez-tez gizli münaqişə və ya “kölgə müharibəsi” kimi tanınan münaqişə ilə məşğul olurlar. Onlar quruda, havada və dənizdə, bəzən "proksi" qüvvələr vasitəsilə bir-birlərinə səssizcə hücum edirlər.


"The Washington Post"un 2023-cü ilin yanvarında dərc etdiyi təhlilə görə, hər iki tərəf ümumi müharibəyə çevrilmək riski ilə üzləşən açıq münaqişədən qaçmağa çalışıb, bununla belə münaqişələr son zamanlarda daha qabarıq hala gəlib.


2006-cı ilin iyulunda Livan və İsrail arasında baş vermiş müharibədən sonra Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu 2007-ci ilin sonunda institutun Livan və Suriya məsələləri üzrə tədqiqatçı olan Denni Berkoviçin “Hidranın başını kəsmək mümkündürmü?” adlı 96 səhifədən ibarət araşdırmasını nəşr etdi.

Tədqiqat bu əsas suala cavab vermək məqsədi daşıyırdı: "Hizbullah"ı necə zəiflətmək olar?


O, "Hizbullah" qruplaşmasını yunan mifologiyasında ilana və ya əjdahaya daha yaxın olan mifik bir varlıq "Hidra" ilə müqayisə edirdi. (Əfsanəvi döyüşçü Herakl doqquz başlı hidra ilə qarşı-qarşıya gəldikdə vəhşi heyvanın hər başını kəsərkən yerində iki baş peyda olurdu. Başlar çoxaldıqca hidranın gücü ikiqat artaraq daha təhlükəli varlığa çevrilir və məhv edilməsi çətinləşirdi)


Denni Berkoviç öz nəzəriyyəsini irəli sürərkən hesab edirdi ki, bu məxluqun başlarından xilas olmaq mümkün olmadığı kimi, onu kökündən qoparmaq və yox etmək də mümkün olmayacaq. Lakin ABŞ və İsrailin əməl edəcəyi halda, onu zəiflədə biləcək bir neçə strategiya mövcuddur.


Tədqiqatda o dönəmdə "Hizbullah"ı zəiflətmək ve regional arenadan kənarlaşdırmaq üçün müxtəlif təkliflər irəli sürülmüşdü. Həmçinin zamanın avantaj yaratması səbəbilə bu təkliflərin sürtələndirilməsinin mühümlüyünə vurğu edilmişdi.


"Hidra" nəzəriyyəsi 2022-ci ilin iyununda Böyük Britaniyanın "The Economist" jurnalı ilə söhbətində İsrailin keçmiş Baş naziri Naftali Bennetin haqqında məlumat verdiyi “Oktopus doktrinası” adlı fəaliyyət planı ilə uyğunluq təşkil edir.


İsrailin İrana qarşı 40 ilə yaxın apardığı “kölgə müharibəsi”nə də toxunan N. Bennet “Biz Oktopus doktrinası tətbiq edirik. Artıq qanadlarla, yəni İranın "proksi" qüvvələri ilə məşğul deyilik. Yuxarı istiqamətli hədəf təyin edərək yeni bir tənlik yaratdıq. Artıq qanadları deyil, birbaşa başı hədəfə alacağıq" deyə bildirib. N. Bennet İranın bölgədəki "proksi" qüvvələrinin Livanda "Hizbullah", Qəzza zolağında HƏMAS olduğuna diqqət çəkib.


İsrail Hərbi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Amos Yadlin iranlıların beş cəbhəni idarə etdiyini və onların hamısında gərginliyin artmağa başladığını bildirib. Amos Yadlin İsrailin "Kanal 12" telekanalına bunları deyib:

"İranın böyük bir intiqam arzusunda olduğuna şübhə yoxdur. Keçmişdə də eyni formada intiqam almağa, israilli elm adamlarına və hərbi personala zərər verməyə çalışdılar. Bu gün hər bir İsrail vətəndaşı və bəlkə də, hər bir yəhudi İranın hədəfidir.(Sfera.az)