21 May 2024
Komitə sədri insanları zəhərləyənlərə səsləndi: “Sizin qohumlarınız da bunu alıb yeyə bilər”

Komitə sədri insanları zəhərləyənlərə səsləndi: “Sizin qohumlarınız da bunu alıb yeyə bilər”

17 Dekabr 2021
Baxış: 389

Son bir həftə ərzində Azərbaycanın ayrı-ayrı regionlarında dönərdən kütləvi zəhərlənmə halları qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, Dekabrın 12-si Bakıda səkkiz nəfər bu qidadan zəhərlənmişdi. Dekabrın 17-də Daxili İşlər Nazirliyi açıqlama yaydı ki, Şəkidə də doqquz nəfər dönərdən zəhərlənib.

Bu cür halların çoxalması “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin qəbulunu aktuallaşdırır.

2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə həmin qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.

Həmçinin istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Oxu.Az-a açıqlamasında deyib ki, hər şeyi, o cümlədən qida təhlükəsizliyini sırf qanunlarla tənzimləmək mümkün deyil.

Deputat düşünür ki, qanun qəbul olunmasa belə, insanların qida təhlükəsizliyini təmin etmək üçün kifayət qədər sənəd var.

“Bilirsiniz ki, bu sahədə müəyyən əsasnamələr, tapşırıqlar mövcuddur. Ona görə də, qida təhlükəsizliyinin təkcə bir qanunla təmin ediləcəyini düşünmək yanlışdır”, - deyə Tahir Rzayev əlavə edib.

Deputat qeyd edib ki, hər bir kəs öz təhlükəsizliyini düşünməlidir və ictimai iaşə obyektində işləyən şəxslər qayda-qanunlara əmək etməlidir.

“Dönərxana sahibi satdığı dönərin köhnə ətdən hazırlandığını bilirsə və bu insanlar üçün zərərdirsə, bu cinayətdir. Dönərxana sahibləri öz məsuliyyətini dərk etməlidir. Vətəndaş da bunun fərqində olmalıdır ki, həmin məhsulları hər yerdən alınmasın. İnsanlar məhsul alarkən onun keyfiyyətinə nəzarət etməli, ona baxmalıdır”.

Parlamentin komitə sədri bildirib ki, bəzi işbazlar bazara mənşəyi bəlli olmayan ətləri çıxarır.

Millət vəkilinin fikrincə, qidadan zəhərlənmələrə görə, müvafiq dövlət qurumlarının da üzərinə məsuliyyət düşür.

“Qida Təhlükəsizliyi Agentliyi mütəmadi monitorinqlər keçirib, qayda-qanunu pozan sahibkarları cəzalandırıb. Ancaq təkcə inzibatçılıqla qayda-qanunu bərpa etmək mümkün deyil. İctimai nəzarət də güclü olmalıdır”.

Deputat vətəndaşlara çağırış edərək deyib ki, dönərdən zəhərlənmə hallarına görə kiməsə güzəştə getməsinlər.

“Gəlin obyektiv yanaşaq. Dönərdən zəhərlənən insanlar gedib sonra həmin sahibkarı mühakimə edibmi ki, həmin əti haradan alıb? Bir də görürsən ki, inzibati qaydada həmin işbazlar haqqında tədbir görəndə insanlar “sahibkar incidildi” deyir. Əgər zəhərlənmə halları olursa, bundan əziyyət çəkən şəxslər ictimai iaşə obyektinin sahibi mühakimə etməlidir, lazımdırsa, məhkəməyə müraciət etməlidir. Ancaq bizdə rəhmlilik ön planda olur, belə məsələdə güzəştə getmək olmaz”, - deyə Tahir Rzayev söyləyib.

Komitə sədri sahibkarlara da çağırış edib: “Siz fikirləşin ki, satdığınız dönər zəhərlidirsə, sizin qohumlarınız da bunu alıb yeyə bilər”, - deyə Tahir Rzayev fikrini yekunlaşdırıb.