22 May 2024
İsrailin yeni lazer silahı: PUA-ların dövrü bitir? - AÇIQLAMA

İsrailin yeni lazer silahı: PUA-ların dövrü bitir? - AÇIQLAMA

28 İyun 2021
Baxış: 575

İsraildə PUA-ları vurmaq üçün nəzərdə tutulmuş lazer silahının sınağı uğurla keçib. İsrail Müdafiə Nazirliyi Araşdırma və inkişaf departamentinin Elbit Systems konserni ilə birgə keçirdiyi testlər zamanı HPL-WS (High Power Laser Weapon System) lazer silahı müxtəlif hündürlükdə və uzaqlıqda olan PUA-ları effektiv şəkildə zərərsizləşdirib.

Yayılan kadrlarda silahın insansız təyyarənin bortunda necə deşik açdığı aydın görünür.

“Bu silah havadan gələn təhdidləri neytrallaşdırmaqda yeni yol açacaq”, - deyə İsrail Müdafiə Nazirliyi Araşdırma və inkişaf departamentinin rəhbəri Yaniv Rotem bildirib. Yeni qurğunun 2025-ci ildə silahlanmaya daxil ediləcəyi gözlənilir. Üstəlik, lazer silahının PUA-dan qat-qat ucuz başa gələcəyi deyilir.

Aydındır ki, başqa ölkələr yeni silahlara malik olmağa çalışacaq. Belə çıxır, PUA-ların göydə meydan sulamaq dövrü başa çatır. Demək, Azərbaycan PUA-lardan geniş istifadəyə əsaslanan müharibə taktikasını tam vaxtında tətbiq edib. Beş il sonra çətin ki, eyni taktika həmin effekti verə biləydi. Bu baxımdan bəzi mütəxəssislər elə güman edirlər ki, dünyanı PUA-sız gələcək gözləyir. Bu proqnozlar həqiqətə yaxındırmı?

Nəzərə alsaq ki, 44 günlük müharibədə PUA-ların rolu misilsiz idi. Azərbaycanın apardığı müasir müharibə taktikası dünyanı heyran qoymuşdu, ermənilər isə bunu gözləmirdilər. Onlar bizi 90-cı illərdəki hazırlıqsız vəziyyətdə güman edirdilər. Lakin müasir texniki imkanlar düşmənə sarsıdıcı zərbələr endirməkdə müstəsna rol oynadı.

AJMEDİA.İNFO xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli musavat.com-a açıqlamasında PUA-ların yarandığı ilk illərdə antidron sistemlərinin yaradılması istiqamətində müəyyən işlərə başlanıldığını bildirib:

“Çox maraqlıdır ki, bu prosesin öncülləri Böyük Britaniya, ABŞ və İsrail idi. Halbuki PUA-ların yaradılması prosesini həyata keçirən qabaqcıl ölkələr də onlar idi. Sadəcə, yaxşı bilirdilər ki, pilotsuz uçuş aparatları dünyanın bir çox ölkələrini əhatə edəcək. Belə olan halda onun qarşısını almaq üçün müəyyən texnologiyalara ehtiyac var idi. Hazırda dünyada PUA istehsal edənlər həm də antidron sistemlərini reallaşdıran ölkələrdir”.

R.Məmmədlinin fikrincə, PUA dövranının getdiyini düşünənlər yanılırlar:

“Çünki heç də bütün ölkələr bu silahlara malik deyil. Bundan əlavə, bütün ölkələr antidron idxalını reallaşdıra bilməyəcək. Ona görə PUA-sız gələcək olacağını gözləmirəm. Məsələn, Ermənistan tərəfi lobbi vasitəsilə PUA idxalını həyata keçirməyə çalışırdı. Məqsəd, təbii ki, bizə qarşı istifadə etmək idi. Ancaq uğurlu satınalmalar reallaşdıra bilmədilər. Həm də bütün antidronlar PUA-ların qarşısını ala bilmirlər. Elə PUA-lar var ki, onların texniki xarakteristikası müəyyənləşməlidir. Odur ki, bundan narahat olmayaq. Azərbaycanın PUA ehtiyatları zəngindir. İsraildən ”Harop", “Heron”, “Hermes” və kamikazde dronlarımız var".