17 May 2024
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir

28 Aprel 2023
Baxış: 2090

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin, idarə və müəssisələrin rəhbərlərinin, YAP Yevlax rayon təşkilatının sədrinin, Milli Məclisin deputatlarının, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Yevlax Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yevlaxda keçirilən müxtəlif tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü, bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Diqqətə çatdırılıb ki, bu gün qürurlu vətəndaşı olduğumuz, nailiyyətləri ilə fəxr etdiyimiz bu dövləti yaradan insan məhz Heydər Əliyevdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu yüksəlişinə görə ilk növbədə Ulu Öndərə borclu və minnətdardır. Ulu Öndər Heydər Əliyevin bioqrafiyası dövlətimizin və xalqımızın ən şanlı tarixidir, zəfər salnaməsidir. Yəni, Heydər Əliyevin həyatı dövlətimizin və xalqımızın tarixi ilə uğurlu harmoniya təşkil edir. Heydər Əliyev və Azərbaycan eynidir, onlar bir-birilərini tamamlayır, biri-birilərini məntiqi yekunlaşdırırlar.

Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, Ulu Öndərin əsasını qoyduğu uğurlu, məqsədyönlü siyasət nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən savaşında 30 illik həsrətə son qoyuldu, Prezident İlham Əliyev ata nəsihətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, Ulu Öndərimizin arzularını həyata keçirdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ümummilli Liderimizin bütün arzuları onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Artıq Ulu Öndərin müqəddəs ruhu şaddır.

Konfransda çıxış edən Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Nizami Səfərov diqqətə çatdırıblar ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olunması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, Ulu Öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan ən əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olub. Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilib, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. AZERTAC