21 May 2024
Dünyanın korrupsiya qavrama indeksi dərc edilib

Dünyanın korrupsiya qavrama indeksi dərc edilib

02 Yanvar 2024
Baxış: 487

Ötən ilin son günlərində Transparency International - korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatı yeni “Korrupsiya qavrama indeksi”ni dərc edib. Reytinq cədvəlində və ona dair şərhlərdə maraqlı detallar var.

Ekspertlər biznesin qeyri-şəffaflığını, media azadlığını, eləcə də vətəndaşların hüquq və azadlıqlarını, məmurların əliəyriliyini nəzərə alaraq ölkələrin korrupsiyalaşma dərəcəsəini tərtib ediblər.

Öncə onu deyək ki, Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış 10 ölkəsindən biri deyil və bu sevindiricidir. Eyni zamanda ölkəmizin adı 10 ən az korrupsiyalaşmış ölkələrinin sırasında da deyil və bu, yalnız o arzunu doğura bilər ki, kaş aşağıdakı siyahıda Azərbaycanın adı da olardı.

Korrupsiyanın ən aşağı səviyyəsi 2023-cü ildə bu dövlətlərdə olub: Danimarka, İsveçrə, Almaniya, Norveç, Yeni Zelandiya, İsveç, Malayziya, Kanada, Finlandiya, Avstriya.

Göründüyü kimi, ilk onluğa daxil olanların 7-si Avropa, biri Amerika, biri Okeaniya, digəri isə Cənibi Asiya ölkəsidir.

Dünya hegemonu ABŞ, Avropanın tərifli ölkəsi Fransa, eləcə də Uzaq Şərqin ən demokratik və hərtərəfli inkişaf etmiş ölkələri olan Yaponiya və Cənubi Koreya ilk onluğa daxil deyil. Malayziyanın onların üstələməsi fenomenal hadisədir.

Bununla belə, adları çəkilən ölkələr də korrupsiyanın qənaətbəxş olduğu, korrupsiyaya aid xəritədə yaşıl rənglə işarələnən ölkələrin qrafasındadır.

Sözügedən xəritədəki yaşıl və sarı rənglər ölkələrdə korrupsiyanın aşağı, narıncı və tünd qırmızı rənglər isə yuxarı olduğunu ifadə edir.

Maraqlıdır ki, Afrikada cəmi bir ölkədə - Botsvanada korrupsiya açıq yaşıl rəndədir. Cənubi Amerikada isə Çili, Uruqvay, Fransa Qvineyası o tərəqqidədir.

Yerdə qalan bütün ölkələr narıncı-qırmızı rəngə boyanıb.

Korrupsiyaya uğrama indeksində ən pis vəziyyət isə aşağıdakı ölkələrdədir: Venesuela, Yəmən, Somali, Rusiya, Qvineya, Suriya, Cənubi Sudan, Liviya. Əfqanıstan, Simali Koreya.

Şimali Koreyadan başqa digərləri bu və ya digər şəkildə müharibədə olan və ya vətəndaş qarşıdurması yaşayan ölkələrdir. Şimali Koreya isə ən sərt qanunların və amansızlığın hökm sürdüyü ölkə olsa da, göründüyü kimi, məmurlar heç nədən qorxmurlar və sərbəst şəkildə alıb-verirlər. Bu ölkədə media azadlığından danışmaq belə mümkün deyil.

Rusiyanın bu ölkələrin yanında olması təəccüb doğursa da, müstəqil rus ekspertlər və jurnalistlər ölkələrinin yerinin dürüst təsbit olunduğunu yazırlar. Hər gün iqtisadi cinayətkarlığa, məmurların korrupsiyalaşmasına dair yayılan informasiyalardan da görünür ki, sovet dövründə 15 müttəfiq respublikanın içində ən qanunpərəstinin Rusiya olduğu bildirilsə də, rus millətinin “ürəyi qızıl, əli təmiz” olduğu iddia olunsa da, hazırda vəziyyət çox fərqlidir və ona görə də ölkə Yəmənin, Somalinin yanında yer alır.

Avropa dövlətlərinin içində Rusiya, Ukrayna, Moldova ilə yanaşı, Litvanın da korrupsiyanın ən şiddətli olduğu ölkələrdən biri olması isə təəccüblüdür. Necə olub ki, bu Baltikyanı ölkə öz qonşularından – Latviya və Estoniyadan bu qədər fərqlənir?

Belə görünür ki, hər regionda məhz yaxşı və pis mənada fərqlənən bir nümunəvi ölkə olur. Qafqaz regionunda o cür yaxşı mənada fərqli, nümunəvi ölkə olmaq Gürcüstanın bəxtinə düşüb. Qonşu ölkədə korrupsiyaya uğrama indeksi bir çox Avropa ölkələri ilə təndir.

Uruqvayın korrupsiya ilə mübarizə sahəsində qazandığı uğuru keçmiş prezident Xose Mujikanın məqsədyönlü fəaliyyətinə bağlamaq olar. Bu şəxs prezident olduğu dövrdə kristallığı, dövlətin bir pesosuna tamah salmaması ilə dünyada məşhur idi. Prezident olmazdan əvvəl o, necə öz köhnə, 50 ilin avtomobilini sürürdüsə, hələ də həmin maşını işlədir.

Bəs Afrikadakı “yaşıl ada” – Botsvana kimin, nəyin hesabına korrupsiya ilə mübarizədə uğur qazanıb? Araşdırılmalı məsələdir.

Dünya ölkələrində korrupsiya reytinqi barədə hazırlanan məqalənin sonunda belə bir fikir var: “Hələlik dünyanın elə bir ölkəsi yoxdur ki, korrupsiyanı tam məğlub etsin. Yəqin ki, bəzi ölkələrin bu “canavar”la mübarizədə nisbətən uğur qazanması hakimiyyət və cəmiyyətin həqiqətən də bunu etmək istəməsi ilə bağlıdır”.

Rüşvətxorluğun səviyyəsinə görə nəinki Avropa İttifaqı ölkələrini, hətta bir çox başqa ölkələri, o cümlədən geridə qalan Afrika dövlətlərini də qabaqlayan Litvada isə məmurların və ədliyyə işçilərinin daha çox korrupsiyaya uğrmasına əmin olan ictimaiyyətin qənaəti belədir: “Bizdə korrupsiya ona görə tüğyan edir ki, korrupsiyaya qarşı mübarizə aparmalı olanların özləri korrupsionerdir və onlar özləri ilə “mübarizə” aparırlar.

Bu fikiri bir çox başqa ölkələrə də şamil etmək olar.