21 May 2024
ABŞ-İran münasibətlərində yumşalma hiss olunur

ABŞ-İran münasibətlərində yumşalma hiss olunur

07 Aprel 2021
Baxış: 1264

İran Prezidenti Həsən Ruhani ABŞ-ın danışıqlara hazır olduğunu və xalqının qalib gəldiyini bəyan edib.

AJM xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident Ruhani İranın da üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, aprelin 6-da Vyanada İran ilə Avropa dövlətlərinin nümayəndələri nüvə proqramını müzakirə ediblər. Müzakirələrin gedişi zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bəyan edib ki, rəsmi Vaşinqton İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların bir hissəsini aradan qaldırmaq istəyir. Lakin İran da anlayış göstərərək, bütün sanksiyaların birdən-birə ləğv olunmasını tələb etməməlidir. Bu, bir qədər çətin və vaxt tələb edən prosesdir.

“Nyu-York Times” qəzeti yazır ki, Donald Trampdan fərqli olaraq, yeni Prezident Co Bayden sanksiyalar vasitəsilə İrana təsir göstərməyin faydasız olduğunu, nəhayət, başa düşüb. Ona görə də rəsmi Vaşinqton İranla danışıqları davam etdirmək qərarına gəlib.

İran mətbuatı isə qeyd edir ki, ABŞ sanksiyaları birdəfəlik deyil, tədricən aradan qaldırmaqla əlavə güzəştlər tələb edəcək.

Lakin istənilən halda, tərəflər arasında yumşaq bəyanatların səslənməsi prosesin ölü nöqtədən tərpəndiyini və münasibətlərdə nisbi yumşalmanın olduğunu deməyə əsas verir. Bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, rəsmi Vaşinqtonun iqtisadi və siyasi potensialı danışıqları uzatmağa imkan verir. Lakin ABŞ-dan fərqli olaraq, İranın uzun danışıqlar üçün vaxtı yoxdur. İqtisadi çətinliklər İranı tez bir zamanda razılığa gəlməyə sövq edir. Hələlik vəziyyət xoşməramlı istiqamətdə inkişaf edir. Bunun nə ilə yekunlaşacağını isə zaman göstərəcək.

Teqlər: ABŞ