15 May 2024
Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur

Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur

30 Noyabr 2021
Baxış: 538

Azərbaycan, Ermənistan və Rusiya dövləti arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verməlidir. Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir.

Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni "arteriya'' əlavə olunacaq. Bu, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Bu halda Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.

Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Zəngəzur dəhlizinin açılması, bölgədə bütün kommunikasiyaların bərpası regiona xarici investorları da cəlb edəcək. Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək.

26 noyabr 2021-ci ildə qəbul edilmiş Soçi bəyanatını da 10 noyabr bəyanatının davamı, Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilmək olar. Soçi görüşü eyni zamanda, Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu. Bu gün artıq Azərbaycan danışıqlar masasında Qarabağı deyil, Zəngəzuru müzakirə edir. Bu önəmli faktordur. Soçi görüşünün gedişatı və imzalanmış sənədə əsasən söyləmək olar ki, yaxın zamanda Prezident İlham Əliyevin də dediyi kimi “Zəngəzur dəhlizini açacağıq”. Bir məqamı isə xüsusilə vurğulamaq gərəkir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdə “nəqliyyat dəhlizləri” və “dəmir yolu eləcə də nəqliyyat əlaqələrinin açılması” məsələləri ilə bağlı detalları vurğulamaqla, əslində Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsinin danışıqlar masasının əsas gündəmi olduğundan xəbər verir. Nikol Paşinyanın Soçidə bəyanata imza atması isə artıq Ermənistanın da Zəngəzur dəhlizinin açılmasının vacibliyini qəbul etdiyini göstərir.

Vüsalə Hüseynova,

Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi