19 May 2024
Zəngəzur dəhlizi: İrəvan üçün xarici sərmayə nəfəsliyi...

Zəngəzur dəhlizi: İrəvan üçün xarici sərmayə nəfəsliyi...

17 Dekabr 2021
Baxış: 405

Pərviz Heydərov yazır...

Zəngəzur dəhlizinin reallaşacağı gün artıq, "qapıdadır". 44 günlük müharibənin nəticəsi olaraq, adıçəkilən dəhlizin real olacağı onsuz da qaçılmaz idi. Azərbaycan Prezidenti İlham Əliyev əbəs yerə deməmişdi ki, Ermənistan istəsə də, istəməsə də biz bunu reallaşdıracağıq.

Brüsseldə keçirilən görüşlərin nəticələri də bunu təsdiq etdi.

Beləliklə, Zəngəzur dəhlizi boyunca dəmiryol xəttinin çəkilməsi gələcəkdə çox böyük perspektivlər vəd edir. Bunun ardınca ola bilsin, avtomobil yolunun da olacağı gözləniləndir. Ermənistan da məcburən, təhlükəsizliyə zəmanət verəcək. Çünki bütün bunlar İrəvanın özünə də xeyir gətirəcək, səmərə verəcək.

Əvvəlki yazılarımda da qeyd etmişdim ki, 44 günlük müharibənin nəticəsi olaraq, Zəngəzur dəhlizinin reallaşması yeni ideya və layihələrin meydana gəlməsinə və reallaşmasına şərait yaradacaq.

İki ölkənin ərazisindən keçəcək Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti birə-beş artacaq.

Ölkəmizdə son illər ərzində nəqliyyat infrastrukturu sahəsində hansı işlər görüldüyü hər kəsə bəllidir. Əlbəttə Beynəlxalq Bakı Ticarət Limanı üzrə həyata keçirilən tikinti-quraşdırma işləri, Bakı-Tbilisi-Qars dəmiryolu, istər Qərb-Şərq, istərsə də Şimal-Cənub ikitərəfli istiqamətdə müasir avtomobil və dəmiryollarının salınması Azərbaycanı onsuz da böyük dəhlizə çevirib.

Bütün bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunması bu dəhlizə əlavə töhfədir, Azərbaycan tərəfindən təmin edilən möhtəşəm töhfə. Yəni, Zəngəzur dəhlizi ölkəmizin Şərq-Qərb, Şimal-Cənub qovşağı sisteminin bir seqmenti olacaq. Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu nəzərə alsaq, bu, həm də birbaşa Türkiyə ilə yerüstü əlaqənin qurulacağı deməkdir. Bu əlaqə Türkiyə-Azərbaycan tandemindən çox, bütövlükdə Avropa və Asiya üçün səmərə və mənfəət gətirəcək.

Ona görə də Zəngəzur dəhlizində maraqlı tərəflər çoxdur. Məsələn, Rusiya bunu açıq etiraf edir. Prezident Vladimir Putin bir neçə dəfə qeyd edib ki, iki ölkə arasında kommunikasiya əlaqələrinin bərpası və Zəngəzur dəhlizindən gediş-gəlişin təmini bütün region və o cümlədən region ətrafındakı ölkələr üçün sərfəlidir. Çünki Rusiya özü də bundan qazanc əldə edəcək.

O cümlədən, İran da...

Ümumiyyətlə, dəmiryolu vasitəsilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında damar əlaqəsinin qurulması nəqliyyat və yükdaşımalarında yeni kanalın açılışı demək olacaq. Və bu, bütün regionun inkişafına töhfə verəcək.

Yeri gəlmişkən, bayaq qeyd etdim ki, Ermənistan təhlükəsizliyə zəmanət verməyə məcburdur. O səbəbdən ki, bütün bunlar İrəvanın özünə əslində daha çox xeyir gətirəcək, səmərə verəcək.
Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentindəki çıxışlarından birində söylədiyi “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı”- fikri yada düşür. Hansı ki, İrəvanın başına qapaz vurduğumuzdan sonra nisbətən ayıldığı qənaətinə gəlirsən.

Söhbət, nədən gedir deyim. Azərbaycan özünün bir parçası olan Naxçıvanla indiyədək yerüstü əlaqəyə sahib olsaydı bundan təkcə Bakı deyil, Cənubi Qafqaz bölgəsi udacaqdı.
Söhbət son 30 ilə yaxın müddətdən gedir.

Azərbaycanla Naxçıvan arasında ötən 30 il ərzində birbaşa əlaqə olsaydı və işğal faktı olmasaydı, bizim bu gün Avropaya uzanan bir çox mühüm, strateji layihələrimiz Zəngəzurdan keçəcəkdi. Və bununla da həm o layihələrin xərci az olacaqdı, həm də onlardan Ermənistan da faydalanacaqdı.

Bu, İrəvanın iqtisadi vəziyyətinə böyük töhfələr verəcəkdi.

Amma İrəvan kor qaldı...

Ermənistan Azərbaycan kimi qonşunun ərazisini 30 ilə yaxın işğal altında saxlamaqla özünü böyük faydalardan məhrum etdi. Azərbaycan dövləti isə heç də çıxılmaz və aciz vəziyyətə düşmədi - Naxçıvanla həm İran, həm Türkiyə, həm də hava nəqliyyatı vasitəsilə hər cür qarşılıqlı əlaqələr qorunub saxlandı.
Odur ki, ötən 30 ildə regionda iflic vəziyyəti yaradan Ermənistan bununla yalnız özünü pis vəziyyətdə saxladı. Halbuki, götürəcəyi xeyir heç də bizdən az olmayacaqdı.

Sual yaranır, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrini həyata keçirəndə Ermənistan nə ilə məşğul idi?! Azərbaycan həmin layihələrin sayəsində iqtisadi müstəqillik əldə etdi. İrəvanda isə məgər bir nəfər də olsa "gözü görən və ağlı kəsən" tapılmadı ki, ölkənin dalana dirənəcəyini desin? Bu cür “kor baxış” və yanaşma ilə özgənin torpağını nə vaxta qədər işğal altında saxlamaq mümkün idi? Aydın deyildi...

Sözün qısası, Zəngəzur vasitəsilə İrəvanın da iqtisadi bataqlıqdan çıxmaq şansı yaranır ki, bu şans Azərbaycanın əlindədir. Ölkəmizin İqtisadiyyat naziri Mikayıl Cabbarov son 20 il ərzində nəqliyyat və logistika infrastrukturuna böyük vəsaitlərin yatırıldığını və bunun obyektiv səbəblərlə bağlı olduğunu vurğulayaraq, nəqliyyat və logistikanın inkişafını iqtisadiyyatın şaxələndirilməsi siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Nazir M. Cabbarov bu mənada Zəngəzur dəhlizinin müstəsna əhəmiyyətə malik olacağını deyib. "Bu dəhliz İranın, Türkiyənin, başqa qonşu ölkələrin ayrı-ayrı əyalətlərindəki mövcud nəqliyyat infrastrukturuna çıxış imkanı yaradacaq" - deyə, M. Cabbarov bildirib.

Odur ki, Ermənistan bundan sonra ağlını başına yığıb, regionun sabitliyi üçün çalışarsa və bu yöndə mövqe tutarsa, xarici şirkətlərin gəlib İrəvanda iş görməsinə də şərait yaranar. Əks təqdirdə, ilkin olaraq Zəngəzur dəhlizi vasitəsilə Ermənistan Azərbaycanla əlaqələrini bərpa etməsə, heç bir xarici şirkət gəlib oraya bir sent də pul qoyan deyil.

Teqlər: Zəngəzur