17 May 2024
Yaponiya və Çin arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Yaponiya və Çin arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

25 Noyabr 2020
Baxış: 1206

Yaponiya və Çin xarici işlər nazirləri Toşimitsu Moteqinin və Van İnin Tokioda keçirilən görüşündə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AJM Kyodo agentliyinə istinadla xəbər verir ki, müzakirələr Çinin xarici işlər naziri Van İnin pandemiya dövründə Yaponiyaya ilk səfəri çərçivəsində baş tutub. Bildirilir ki, tərəflər arasında əldə edilən razılaşmaya əsasən, cari ayın axırından başlayaraq qarşılıqlı ezamiyyələr zamanı 14 günlük karantin müddəti aradan qaldırılacaq. Koronavirusla əlaqədar tətbiq edilən qadağaların belə yumşaldılması dünyanın ikinci və üçüncü iqtisadiyyatına malik olan ölkələrin iqtisadiyyatının bərpasına mühüm təsir göstərəcək.

Görüş zamanı tərəflər arasında Senkaku adaları ilə bağlı son illər müşahidə edilən gərginliklə bağlı müzakirələrin aparıldığı da bildirilir.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında məsləyə münasibət bildirən T.Moteqi deyib: “Mən Senkaku adaları ilə bağlı Yaponiyanın mövqeyini qarşı tərəfə çatdırdım və Çin tərəfini müsbət addımlara dəvət etdim. Biz qarşılıqlı dialoqu davam etdirmək barədə razılığa gəldik”.

Həm də dövlət müşaviri olan Van İ isə Çində Diaoyutai adı ilə tanınan adaların qədim dövrlərdən Çinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

Adlar ətrafında gərginliklə əlaqədar dənizdə və havada baş verə biləcək təsadüfi qarşıdurmanı aradan qaldırmaq üçün iki ölkənin müdafiə nazirlikləri arasında “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər.

Görüşdə nazirlərin ABŞ-Çin münasibətləri və ABŞ-da yeni prezident seçilmiş Co Bayden administrasiyası barədə tərəflərin ətraflı fikir mübadiləsi apardıqları da bildirilir.

Qeyd edək ki, Van İnin səfəri Yaponiyanın böyük ticarət tərəfdaşı olan Çin ilə təhlükəsizlik sahəsində əsas müttəfiqi olan ABŞ arasında münasibətlərin çox gərgin olduğu bir dövrə təsadüf edir və rəsmi Tokio bu iki ölkəyə münasibətdə diplomatik balansı qorumağa çalışır.

İki ölkə arasında iqtisadi münasibətlərə gəlincə isə qeyd edilir ki, hər iki tərəf bu əlaqələri gücləndirməyə çalışırlar. Belə ki, Yaponiya və Çin bu yaxınlarda Asiya və Sakit okean regionunun 13 ölkəsinin iştirakı ilə yaradılan Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə müqaviləyə imza atıblar. Bu, Tokio və Pekinin iştirakı ilə yaradılan ilk azad ticarət razılaşmasıdır.

Qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün T.Moteqi ilə Van İnin gələn il nazirlər səviyyəsində iqtisadi dialoqun təşkili barədə razılığa gəldiyi də bildirilir. Həmin dialoq zamanı ətraf mühitin mühafizəsi, səhiyyə, elektron ticarət, enerji təchizatı və innovasiyalarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Nazirlərin, həmçinin Yaponiya və Çinin iqlim dəyişmələrinə qarşı mübarizə üzrə danışıqlara yardım etmək üçün birgə qrupun yaradılması və 2011-ci il zəlzələsindən sonra Fukuşimada baş verən atom qəzasına görə Yaponiyadan Çinə ixrac edilən ərzaq məhsullarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəldiyi də bildirilir.

Tərəflərin gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları və 2022-ci ildə Pekində keçiriləcək Qış Oyunları ilə bağlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəldikləri də qeyd edilir.

Regional məsələlər gəlincə isə, T.Moteqinin Çin tərəfini Cənub Çin dənizində aqressiv hərəkətlərdən çəkinməyə, insan hüquqları ilə bağlı tənqidi fikirlərə şəffaf reaksiya verməyə çağırdığı da bildirilir.

Yaponiya hökumətinin yaydığı məlumata görə, noyabrın 25-də Van İnin Baş nazir Yoşihide Suqa ilə görüşü planlaşdırılır.