17 May 2024
Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

29 Noyabr 2020
Baxış: 1206

Yaponiyalı qanunvericilər noyabrın 29-da ölkə parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümünü qeyd ediblər.

AJM xəbər verir ki, Yaponiyada parlament sistemi 1890-cı ildə, İmperator seyminin ilk toplantısında yaradılıb.

Bazar günü parlamentin yuxarı palatasının plenar zalında keçirilən yubiley mərasimində İmperator Naruhito, İmperatriçə Masako və vəliəhd-şahzadə Akişinonun böyük qızı şahzadə Mako iştirak ediblər.

Mərasimdə çıxış edən İmperator bildirib ki, hazırda Yaponiya və dünyanın digər ölkələri koronavirus pandemiyasına görə çox mürəkkəb şəraitdə yaşayırlar. Əlavə edib ki, Yaponiyada dövlət hakimiyyətinin ən yuxarı orqanı olan seym milli inkişafın və bütün dünyada sülhün bərqərar olması üçün çalışan bir qurum kimi daha böyük əhəmiyyət kəsb edir.

İmperator əmin olduğunu bildirib ki, keçmiş nəsillərin rəşadətini yaxşı xatırlayan parlament insanların inamını və gözləntilərini doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq.

Mərasimdə çıxış edən Baş nazir Yoşihide Suqa deyib ki, Yaponiyanın qarşısında müxtəlif problemlərin aradan qaldırılması kimi mühüm vəzifələr dayanır. Bu sıraya doğuş səviyyəsinin aşağı olması, əhalinin sayının azalması və sürətlə qocalma kimi problemlər daxildir. Hazırda koronavirus pandemiyasının da bu problemlər sırasına daxil olduğunu xatırladan Y.Suqa vurğulayıb ki, bütün dünyada sülhün və inkişafın təmin olunması üçün Yaponiya digər dövlətlərlə qarşılıqlı inamı və əməkdaşlığı daha da gücləndirməlidir.

Əlavə olaraq qeyd edək ki, yubiley tədbirlərinin İmperatorun ətrafında təşkilinə etiraz edən Yaponiya Kommunist Partiyası mərasimə qatılmaqdan imtina edib.

Teqlər: Yaponiya