20 May 2024
“Üzdəniraqlar efirdədir, sənətkarlar kənarda qalıb...”

“Üzdəniraqlar efirdədir, sənətkarlar kənarda qalıb...”

08 Aprel 2023
Baxış: 542

“Efirlərə nə vaxt çağırırlar, o vaxt da gedirəm. Mən üzlü müğənnilərdən deyiləm. Sağ olsunlar, az da çağırmırlar. 35 ildən çoxdur ki, bu sənətdəyəm. Hər zaman sənətə layiqincə xidmət etmişəm. Bir az sənətdən uzaq düşən kimi rəhmətlik valideynlərim deyirdi ki, “sən uşaqlıqdan bu sənətin içindəsən, gəldin, gəldin sonra durğunluq yarandı”. Sənəti olanlar arxa planda qalıblar, üzdən iraqlar həm efirləri, həm də səhnələri zəbt edib. Bu gün böyükdən-kiçiyə hamı Nurlan Əzizbəylini tanıyır. Amma mən hələ özümü gördüyüm nöqtədə deyiləm. Bakı Musiqi Akademiyasını qırmızı diplomla bitirmişəm. Mənimlə birgə səhnəyə gələnlərin əksəriyyəti fəxri adlar da alıb. İnşallah, ümid edirəm ki, mənə də qiymət verilər”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib.

“Çalışıram ki, hər tərzdə özümü sınayım. Bu dinləyicilər tərəfindən də pis qarşılanmır. Zövqlər müxtəlifdir, bunu bilirik. Hər zövqə uyğun şeirlər, musiqilər ərsəyə gətirmək məcburiyyətindəyik. Zəmanə artıq o qədər dəyişib ki, biz hər kəsin zövqünü oxşamalıyıq. Bilirsiniz ki, bir çox sənətkarlar üçün mahnılar yazmışam. İlk bəstəmi xalq artisti Nisə Qasımova oxuyub. Bundan əlavə Bilal Əliyev, Nüşabə Ələsgərli, Sevda Əliqızı, Nahidə Orucova və s. müğənnilər ifa ediblər. Qarşıda da planlarımız, işlərimiz çoxdur. Bu gün nədənsə bir çox müğənnilərimiz peşəkar bəstəkarlara müraciət etmirlər. Savadı olan da yazır, olmayan da. Sözlərin əvvəli və sonu bilinmir. Çoxu da plagiatdır. Belə mahnıların ömrü 5-10 gündür. Toylara dəvət alanda heç vaxt fonoqram ifa etmirəm. Əksər müğənnilər ev yiyəsindən külli miqdarda pul alıb, gəlib fonoqram oxuyur. Bu cür hallara pis baxıram. Buna görə bəzən toylarda dava düşür. Həmin müğənniləri yaxşı edib toylarda döyürlər” deyə müğənni bildirib.

Nurlan Əzizbəyli sənətkar əmisi, xalq artisti Ramiz Əzizbəylini də xatırlayıb.

“Əzizbəyli soyadı illərdir ki, tanınır və Azərbaycan incəsənətinə böyük xidmətlər edir. Ramiz Əzizbəyli kimi bənzərsiz sənətkarın qardaşı oğlu olduğum üçün böyük qürur hissi duyuram. Hər addımımda mənə xeyir-dua verib. Amma bu səviyyəyə çatmağıma özüm tək nail olmuşam” deyə müğənni bildirib.

Müğənni vaxtilə sənət dostu Səidə Dadaşova ilə arasını vurmaq istəyənlərdən də danışıb.

“Mehriban insanları görəndə paxıllıq ucbatından onların arasını vurmaq istəyənlər çox olur. Bir neçə il bundan əvvəl məndən Səidəyə, Səidədən mənə sözlər çatdırdılar. Özü də olmazın sözləri. İş o yerə gəlib çıxdı ki, ailəmdə də söz-söhbətlər yarandı. O qədər aqressiv olduq ki, hətta bir-birimizə təhqirlər də etmişdik. O dərəcədə aramızı vurmuşdular. Bir müddət aramızda soyuqluq əmələ gəldi. 25 ildən çoxdur ki, Səidə ilə dostam. Hər şeyi yoluna qoyduq, barışdıq” deyə sənətkar bildirib.