16 May 2024
Ukraynaya hansı ölkələrdən gələnlər müayinə olunmadan buraxılacaq?

Ukraynaya hansı ölkələrdən gələnlər müayinə olunmadan buraxılacaq?

10 İyun 2020
Baxış: 352

Ukraynada iyunun 15-dən etibarən aviaəlaqələr bərpa olunacaq. Səhiyyə Nazirliyi hansı ölkələrdən gələnlərin Ukraynaya müayinəsiz buraxılacağını izah edib.

AJM xəbər verir ki, bu barədə brifinqdə Səhiyyə Naziri Maksim Stepanov bildirib. O, beynəlxalq aviauçuşlar bərpa edildikdən sonra turistlərin gəlişini asanlaşdırmaq üçün Səhiyyə Nazirliyi tərəfindən daha səmərəli təkliflər mexanizminin hazırlandığını və bu məqsədlə müxtəlif ölkələrdə yaranmış vəziyyətin təhlil edildiyini, epidemioloqlarla müvafiq müzakirələrin aparıldığını söyləyib.

“Hazırda ölkəyə gəlişin bir neçə variantını nəzərdən keçiririk, istəyirik ki, bizdə həm qırmızı, həm də yaşıl zona olsun. Qırmızı zona dedikdə, koronavirus pandemiyası ilə bağlı vəziyyətin Ukraynadan daha pis olduğu ölkələrdən gələcək turistləri və digər vətəndaşları nəzərdə tuturuq. Yaşıl zonaya isə hazırkı vəziyyətin Ukraynadakı kimi və ya daha yaxşı olduğu ölkələr daxildir”, - deyə Stepanov bildirib.

Nazir qeyd edib ki, qırmızı zonaya daxil olan ölkələrdən gələn turistlər 14 gün ərzində özünütəcrid və ya observasiya rejimində qalacaqlar.

“Vəziyyətin Ukraynadan daha yaxşı olduğu yaşıl zonadan gələnlərin özünütəcrid rejimində qalmalarına ehtiyac olmayacaq. Əlbəttə, bununla yanaşı, digər antiepidemioloji tədbirlərə - termoskrininq üsullarına və s. riayət olunması vacib şərtdir”, - deyə Səhiyyə naziri əlavə edib.

Teqlər: Ukrayna