05 May 2024
Ukraynanı İraqın aqibəti gözləyir? - Qorxulu PROQNOZ

Ukraynanı İraqın aqibəti gözləyir? - Qorxulu PROQNOZ

06 İyun 2022
Baxış: 380

Son günlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli proqnozlar səsləndirilir. Müharibənin uzun müddət davam edə biləcəyini deyən mütəxəssislərdən bəziləri bunu hətta, İran-İraq savaşı ilə müqayisə edir və qorxulu proqnozlar səsləndirirlər.


Maraqlıdır, Rusiya-Ukrayna müharibəsinin aqibəti 8 illik İran-İraq müharibəsi kimi ola bilər mi?


AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov xatırladıb ki, 1980-ci ildə İraqın İrana hücumu ilə başlayan bu müharibə hər iki tərəf üçün uğursuz olub, çoxlu sayda insan və maddi itkilərlə nəticələnib:


“8 ilik müharibə zamanı ABŞ, SSRİ, Fransa, Böyük Britaniya, Almaniya növbə ilə gah İrana, gah da Səddam Hüseynin başında durduğu İraqa hərbi sursat və silah yardımı edir, müharibənin qarşısını almağa deyil, uzanmasına təşəbbüs göstərirdilər. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınıb və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilib. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlayıb. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatıb və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarıb. 1988-ci ilin iyulunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə İran-İraq danışıqları başlanır. O zaman İran İslam Respublikasının prezidenti olmuş Ayətullah Xomeyni BMT TŞ-nin 1987-ci il 598 saylı qətnaməsinin tələblərini qəbul edir. Beləliklə, iki qonşu dövlət arasında kənar qüvvələrin fəal müdaxiləsi nəticəsində başlayan və 8 il davam edən müharibəni bitirmək mümkün oldu”.


Müsahibimiz qeyd edib ki, Səddam rejimi bu müharibədən sonra bir daha öz vəziyyətini əvvəlki qaydaya gətirə bilmədi:


“Küveytə hücum və sonradan Amerika və koalisiya qüvvələrinin İraqa müdaxiləsi məhz İran-İraq müharibəsinin acı nəticələri ilə bağlı idi. Rusiya-Ukrayna müharibəsinin birmənalı olaraq İran-İraq müharibəsinin ssenarisi ilə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma eyni taktikanın burada da tətbiq edildiyini zaman-zaman müşahidə edirik. Rusiya və Ukraynanın 8-10 illik müharibədən sonra İranla-İraqın vəziyyətinə düşə bilməsi fikri belə çox qorxuludur”.