20 May 2024
Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

04 May 2022
Baxış: 550

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Emin Zabit oğlu Mahmudov və onun həyat yoldaşı Ukrayna vətəndaşı Lüdmila Mahmudovanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Renata Eminovna Mahmudova, 04.11.2010-cu il təvəllüdlü David Eminoviç Mahmudov və 10.12.2017-ci il təvəllüdlü Dayana Eminovna Mahmudova cari ilin 4 may tarixində Azərbaycana təxliyə ediliblər.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçiriliblər.

Uşaqların Azərbaycana repatriasiya edilməsi üçün Azərbaycan dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.

Daha sonra məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.

Azərbaycan Respublikasının Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.