16 May 2024
Ukrayna koronavirusla bağlı tətbiq etdiyi bəzi məhdudiyyətləri ləğv edir

Ukrayna koronavirusla bağlı tətbiq etdiyi bəzi məhdudiyyətləri ləğv edir

20 May 2020
Baxış: 403

Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında ölkədə koronavirusla bağlı tətbiq edilən bəzi qadağaların aradan götürülməsinə dair qərar verilib. AZƏRTAC xəbər verir ki, qərara əsasən mayın 25-dən Kiyev metrosu fəaliyyətini bərpa edəcək. Sərnişinlər metroya girərkən qoruyucu vasitələrdən istifadə etməli və göstərilən məsafəni gözləməlidir.

Nazirlər Kabineti, həmçinin mayın 25-dən Ukraynada uşaq bağçalarının fəaliyyətinə icazə verib. Lakin gündəlik olaraq uşaqların hərarəti ölçüləcək. Hərarəti 37,2 dərəcədən yuxarı olan uşaqlar bağçaya buraxılmayacaq. Həmçinin gündəlik olaraq uşaq bağçaları dezinfeksiya olunacaq.

Mayın 22-dən Ukraynada şəhər və şəhərətrafı ictimai nəqliyyatın fəaliyyətinə də icazə verilib.

Ukrayna, həmçinin Avropa İttifaqı ölkələri ilə - Macarıstan, Rumıniya, Polşa, Slovakiya sərhədləri açır. Bundan əlavə qonşu Moldova ilə də sərhədlərin açılması qərarı verilib. Rusiya və Belarusla sərhədlər hələ ki, bağlı qalacaq.

Qeyd edək ki, ölkədə karantin müddəti iyunun 22-dək uzadılıb.

Teqlər: Ukrayna