17 May 2024
Türkiyənin Aydın vilayətinin dörd məhəlləsində əhali tədricən evlərinə dönür

Türkiyənin Aydın vilayətinin dörd məhəlləsində əhali tədricən evlərinə dönür

08 Avqust 2021
Baxış: 883

Türkiyədə meşə yanğınları səbəbindən təxliyə olunan əhalinin öz evlərinə qayıtması tədricən təmin olunur. Belə hallardan biri də Aydın vilayətinin Çine rayonu ərazisində baş verib.

AJM-xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin çalışdığı bəzi ərazilərdə yanğının söndürülməsi istiqamətində əhəmiyyətli dönüş yaranıb. Nəticədə Kabalar, Altınabat, Söğütçük və Sarıköy məhəllələri üçün mövcud olan yanğın riski aradan qaldırılıb. Avqustun 6-də başlanan yanğınların şiddətlənməsi bir gün sonra təxliyəyə əsas verib, ertəsi gün axşam saatlarında isə sakinlər geri dönməyə başlayıblar.

Avqustun 7-də helikopter və yanğınsöndürənlərin fəal çalışdığı yuxarıda qeyd etdiyimiz ərazidə şiddətli alovların qarşısı alınsa da, axşam saatlarında bir yerdə 5-6 nöqtədə geniş və güclü alovlar müşahidə olunub. Təhlükəsizliyə görə, helikopterlər gecə saatları çalışmayacaq. Yanğınsöndürən maşınlar isə xüsusilə yaşayış məskənlərinə yaxın ərazilərdəki yanğınlara fasiləsiz müdaxilə edəcəklər.

Türkiyənin hər yerində olduğu kimi, Aydında da yerli əhali Azərbaycanın qəhrəman yanğınsöndürənlərini hərarətlə qarşılayırlar. Yanğın böhran məntəqəsinə hərəkət edən FHN-in maşınları böyük maraq və sevgi ilə seyr edilir.

Sarıköyün icra nümayəndəsi Yaqub Sarıkaya bildirib ki, həmişə ağır çətinliklərə qarşı yumruq kimi birləşən Türkiyə azərbaycanlı qardaşlarının dəstəyindən qürur duyur.

Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

Teqlər: Türkiyə