19 May 2024
Taksi ilə bağlı cərimələr BU TARİXDƏN qüvvəyə minəcək: 40 min manat...

Taksi ilə bağlı cərimələr BU TARİXDƏN qüvvəyə minəcək: 40 min manat...

14 İyul 2023
Baxış: 378

Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, taksi sifarişi operatorları tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasına, yəni:

- "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;

- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə;

- "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə,

- icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Layihəyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.

Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.