20 May 2024
Sülh “istəyən” Ermənistan hücum silahları alır - Bakıya qarşı ballistik raketlər

Sülh “istəyən” Ermənistan hücum silahları alır - Bakıya qarşı ballistik raketlər

23 Dekabr 2023
Baxış: 537

Kapitulyant ölkə Azərbaycanla sülh müqaviləsini uzatmağa paralel, altdan-altdan silahlanmaqda və ordusunu təzədən qurmaqdadır. Erməni rəsmilər hər nə qədər bunu sırf müdafiə zərurəti ilə izah etsələr də, alınan silahlar və hərbi sistemlərin xarakteri bunun tam əksini isbatlamaqdadır.

Artıq məlumdur ki, Hindistan Ermənistanın silahlanmasında faktiki “sıçrayış” edib. Nyu-Dehli indi də İrəvana bir sıra raket atıcı sistemlər, zenit-raket kompleksləri, artilleriya qurğuları, tank əleyhinə raketlər və pilotsuz uçan aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi sistemləri satmağa hazırdır. Musavat.com Haqqin.az-a istinadən xəbər verir ki, hazırda Hindistanın və Ermənistan Müdafiə Nazirliyinə bağlı strukturları arasında “Pralay” ballistik raketlərinin satışı ilə bağlı danışıqlar aparılır.

Hindistan Müdafiə Tədqiqat Bölməsi bildirir ki, ölkə ordusunun taktiki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş “Pralay” raketinin uçuş məsafəsi 150-500 kilometr arasında dəyişir. Daha əvvəl Economic Times-ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, 600 milyon dollar dəyərində sövdələşmə çərçivəsində hindlilər yaxın vaxtlarda “Akaş” zenit-raket komplekslərini Ermənistana tədarük etməyə hazırlaşırlar. Hindistan həmçinin Ermənistana hazırda Ukrayna ordusunun sərəncamında olan Amerikanın HIMARS raket sistemləri ilə müqayisə edilə biləcək “Pinaka” raket sistemlərini tədarük etməyə başlayıb.

Göründüyü kimi, Nyu Deylinin Ermənistana satdığı və ya satmağa hazırlaşdığı silahların çeşidi kifayət qədər genişdir. Bununla belə, heç də bütün silah növləri müdafiə xarakteri daşımır. İrəvanın hindli tərəfdaşlardan almaq niyyətində olduğu səsdən sürətli taktiki və ballistik raketlər də o sıradadır. Ermənistana satılacaq raketlərin növləri açıqlanmasa da, vəziyyətlə tanış olan mənbələr bildirib ki, söhbət “BraMos” hipersəsli yüksəksürətli qanadlı raketlər və “Pralay” qısa mənzilli ballistik raketlərindən gedir.

O da qeyd edilir ki, Hindistan Ordusunun taktiki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan “Pralay” raketinin uçuş məsafəsi 150-500 kilometr olsa da, Hindistan ölkənin raket texnologiyalarının ixracına qoyduğu məhdudiyyətləri pozmamaq üçün Ermənistana 300 kilometrə qədər mənzilli “BraMos” və “Pralay” raketlərini təklif etməyə hazırdır.

“Pralay” ballistik raketləri ilə bağlı aparılan danışıqlara dair məlumatlar göstərir ki, modifikasiyadan asılı olaraq bu raketin döyüş başlığının çəkisi 350-700 kiloqram arasında dəyişir. Raketdə kaset başlıqlarından da istifadə etmək mümkündür.

Beləcə, Hindistan əsas məqsədini - Türkiyə, Azərbaycan və Pakistan müttəfiqliyinə alternativ olaraq regionda Ermənistan-Hindistan-İran ittifaqı yaratmaq istəyini gizlətmir və İrəvanı təkcə müdafiə deyil, həm də hücum silahları ilə silahlandırır (Hindistan silahları Ermənistana İran ərazisi ilə ötürülür).