19 May 2024
“SSRİ-nin birinci şəxsiyəm, mənə qadağa qoyursan?” – Xruşova “olmaz” deyən həkim necə nazir oldu…

“SSRİ-nin birinci şəxsiyəm, mənə qadağa qoyursan?” – Xruşova “olmaz” deyən həkim necə nazir oldu…

02 Avqust 2022
Baxış: 319

Onu bütün siyasi elita, Mərkəzi Komitənin, Nazirlər Sovetinin, digər dövlət qurumlarının rəhbərləri yaxşı tanıyıb. Çoxlarının işi tanınmış cərrah Boris Petrovskiyə düşüb. Birincilər də həm özlərinin, həm də yaxınlarının səhhətini ona etibar ediblər. Öz işi ilə əlaqədar Petrovski baş katiblərlə, digər yüksək ranqlı dövlət məmurları ilə tez-tez həmsöhbət olub...

Petrovski birinci dəfə ölkənin birinci şəxsi ilə 1954-cü ildə yaxından ünsiyyətdə olub. Növbəti cərrahi əməliyyatdan çıxdıqdan sonra ona bildiriblər ki, təcili Nikita Xruşovun evinə getməlidir. Cərrrah kiçik çantasını götürüb Xruşovun bağ evinə yollanıb. O, əvvəlcə elə düşünüb ki, Xruşovun səhhətində problem yaranıb. Amma bağ evinin həyətinə daxil olanda və Xruşov şəxsən özü onu qarşılayanda başa düşüb ki, ailə üzvlərindən kiminsə həkimə ehtiyacı var.

Petrovskini birbaşa Nina Kuxarçukun (Xruşovun həyat yoldaşı) yataq otağına aparıblar. Cərrah pasientin şikayətlərini dinləyib, müayinə edib. Sağ qabırğaaltı nahiyədə ağrıların nə vaxtdan başlandığını, günün hansı saatlarda daha çox narahatlıq yaratdığını soruşub. Petrovski ilk qənaətlərini ümumiləşdirib pasientinə pəhriz rejimi və bir-iki dərman yazıb. Sonda Xruşov onu çay süfrəsinə dəvət edəndə Petrovski ağlına gələn ilk bəhanə ilə tələsdiyini bildirib.

66.jpg (31 KB)

Bağ evindən geri qayıtdıqdan 3-4 saat sonra Petrovskinin yenidən Xruşovun evinə çağırıblar. Yenidən eyni şeylər təkrar olunub. Səhərisi çağırışlar hər 4-5 saatdan bir davam edib. Həhayət, üçüncü gün onu yenə də pasientinin yanına tələsdirəndə, o, içəri girən kimi Xruşova beş dəqiqə ona vaxt ayırmasını xahiş edib. Xruşov cərrahı öz iş otağına dəvət edib. Petrovski birbaşa mətləbə keçib:

- Nikita Sergeyeviç, məni bura hər 3-4 saatdan bir çağırmaqla heç nə dəyişməyəcək. Mən təyinat yazmışam. Yalnız heç olmasa bir həftədən sonra bu təyinatların müsbət, yaxud da mənfi nəticəsi bilinəcək. Mən sizi yaxşı anlayıram, həyat yoldaşınız üçün narahatsınız. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, müayinənin dəqiqliyi, müalicənin effektliyi üçün Nina Kuxarçuku xəstəxanaya yerləşdirmək lazımdır.

Xruşov dərhal reaksiya verib:

- Bəli, mən sizinlə tam razıyam. Elə bu gün biz Ninanı xəstəxanaya yerləşdirəcəyik.

Beləliklə, Nina Kuxarçuk Kreml xəstəxanasına yerləşdirilib. İki günlük tam müayinələrdən sonra aydın olub ki, Nina Kuxarçukun öd kisəsində daş var. Bu haqda Xruşova məlumat verilib və cərrahi əməliyyatın keçirilməsinin vacib olduğu da bildirilib.

Petrovsky BV.jpg (25 KB)

Səhərisi gün Petrovski birinci xanımı əməliyyat edərək öd kisəsini çıxarıb. Günorta saat 1-2 radələrində Xruşov xəstəxanaya gəlib və vəziyyətlə maraqlanıb. Petrovski bir az əsəbi, bir az da narahat görünən Xruşova məruzə edib:

- Nikita Sergeyeviç, əməliyyat uğurlu keçdi. Pasient artıq narkozdan ayılıb və özünü normal hiss edir.

- Mən onu hansı palatada görə bilərəm.

- Siz onu bu gün görə bilməzsiniz. Həyat yoldaşınıza yalnız sabah baş çəkə bilərsiniz.

Bu qadağanı eşidən Xruşov çılğınlığını gizlətməyib:

- Bu ölkədə birinci şəxsə qadağa qoyanlar da var imiş.

Cərrah onun sözlərinə məhəl qoymayıb.

Nina Kuxarçuk evə buraxıldıqdan sonra Petrovski bir neçə dəfə onu evlərində müayinə edib. O, bu ziyarətlərdən istifadə edərək səhiyyə sistemində olan problemləri, çatışmazlıqları Xruşova çatdırıb. Amma sonralar özünün söylədiyi kimi, Xruşov bu deyilən problemləri qulaqardına vuraraq onların həlli üçün heç bir tədbir görməyib...

Qeyd edək ki, Boris Petrovski 1908-ci ildə Yessentuki şəhərində anadan olub. Orta təhsilini Kislovodskda alıb. Məktəbi bitirdikdən sonra həkim işləyən atası ona işlərini Moskva Dövlət Universitetinin tibb fakültəsinə verməyi məsləhət görüb. Petrovski qəbul imtahanlarını uğurla verərək atasının arzusunu gerçəkləşdirib.

Petrovski ali təhsil aldıqdan sonra həyatını Moskva ilə bağlayıb. Cərrah ixtisasına yiyələndikdən sonra o, ilk həkimlik fəaliyyətinə Moskva vilayətinin Podolsk şəhərində başlayıb. 1937-ci ildə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb, fəaliyyətini Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun cərrahiyyə kafedarısında dosent kimi davam etdirib.

9f1fbfb3bc7fed5df4e15dbe37920f56.png (267 KB)

Sovet-alman müharibəsi başlananda Petrovski hərbi həkim kimi ordiya çağrılıb və müharibənin sonuna qədər səhra hospitallarında xidmət edib.

Müharibədən sonra Petrovski bir müddət Leninqradda Kirov adına Hərbi Tibbi Akademiyada xidmət edib. 1947-ci ildə doktorluq işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə sahib olub.

Sonrakı fəaliyyətini SSRİ Tibb Akademiyasında davam etdirən Petrovski Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin yaradıcılarından biri və onun ilk direktoru olub. O, 1965-ci ildə SSRİ-də ilk olaraq böyrək köçürülməsi əməliyyatını həyata keçirib.

Petrovski digər vəzifələri ilə yanaşı, eyni zamanda 1953-1965-ci illərdə Səhiyyə Nazirliyinin 4-cü idarəsinin (dövlət məmurlarının sağlamlığına cavabdehlik daşıyan idarə) cərrahı vəzifəsində də işləyib.

1965-ci ildə Petrovski Mərkəzi Komitəyə dəvət olunub. Həmin dəvəti cərrah öz memuarlarında belə xatırlayıb:

1024px-Академик_Петровский_Б.В._и_его_ученик_профессор_Белорусов_О.С.jpg (101 KB)

“Məni Mərkəzi Komitəyə xidməti işimlə bağlı tez-tez dəvət edirdilər. Katiblərin, şöbə müdirlərinin qəbulunda olurdum. Bu dəfə isə baş katibin yanına çağrılmışdım. Brejnev məni mehribanlıqla qarşıladı. İş masasının arxasından çıxıb mənimlə üz-üzə əyləşdi. Görüşdə onun köməkçilərindən biri də iştirak edirdi. Baş katib səhiyyədəki problemlərlə maraqlandı. Mən ona tibbi avadanlıqların çatışmazlığından, tibbi personalın sosial problemlərindən, bölgələrdə yeni xəstəxanaların tikilməsinin vacibliyindən və digər mövcud problemlərdən danışdım. Dediklərimi köməkçi bir-bir qeyd edirdi. Sonda Brejnev dedi ki, məni SSRİ səhiyyə naziri təyin edirlər. Mən bu təyinata etiraz etdim:

- Leonid İliç, mənim ömrümün əsas hissəsi cərrah masası arxasında keçib. Mən təşkilati məslələrdə uğurlu kadr ola bilmərəm.

O, mənim sözümü yarımçıq kəsdi:

- Boris Vasilyeviç, biz sizi bura ona görə çağırmamışıq ki, sizin nazir vəzifənizə getməyinizə razılıq alaq. Bu işi Siyasi Büro həll edir. Sizi çağırmaqda məqsədimiz səhiyyədəki problemləri öyrənmək və onları tez bir zamanda həll etməkdir. Odur ki, sabahdan vəzifənizin icrasına başlaya bilərsiniz.

Belə bir məqamda mənim nəsə deməyim artıq idi. Amma onu da qeyd edim ki, qısa bir zamanda Brejnevin göstərişi ilə bir çox problemlər öz həllini tapdı...”

Beləliklə, Petrovski 1965-ci ildən 1980-ci ilə qədər, 16 ilə yaxın nazir vəzifəsində işləyib. Mütəxəssislərin qənaətinə görə, Petrovski SSRİ səhiyyəsinin inkişafında ən məhsuldar nazirlərdən biri olub.

800px-Могила_академика_Бориса_Петровского.jpg (117 KB)

Petrovskinin yazdığı bir sıra elmi ədəbiyyatlar ali təhsil ocaqlarında tədris edilib. Qələmə aldığı memuarları isə oxucular tərəfindən maraqla qarşılanıb.

Boris Petrovski uzun bir ömür yaşayıb. O, 2004-cü ildə, 95 yaşında vəfat edib. Akademik Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.(musavat.com)

AJMEDİA.İNFO