19 May 2024
“Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyəm!” - Rəsulzadənin nəvəsi mövqeyini AÇIQLADI

“Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyəm!” - Rəsulzadənin nəvəsi mövqeyini AÇIQLADI

19 Dekabr 2023
Baxış: 274

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.

AJMEDİA.İNFO xəbər verir ki, Modern.az-ın əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rasulzadənin nəvəsi Rais Rəsulzadənin seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikirlərini öyrənib.

Açıqlamasında Rais Rəsulzadə böyük ehtimalla İlham Əliyevin yenidən Prezident seçiləcəyini bildirib:

"Ümidvaram ki, seçkilər demokratik şəkildə həyata keçiriləcək. Bir sıra namizədlər var. Təbii ki, kim çox səs yığacaq, o da qazanacaq. Bizim hazırkı Prezidentimizin reytinqi çox yüksəkdir. Yəqin ki, elə o da seçiləcək".

R.Rəsulzadə seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyini vurğulayıb:

"Səsvermədə iştirak etmək hər birimizin borcudur. Bir vətəndaş kimi seçkilərdə iştirak etməliyik. Yəqin ki, mənim dəstəyim cənab İlham Əliyevə olacaq. Səsimi ona verəcəm".