16 May 2024
"Rus-Türk Monitorinq Mərkəzi gözlənilən effekti vermədi, Rusiya istənilən addımı..." - Politoloq Rüstəm Tağızadədən GÜNDƏMİN ŞƏRHİ

"Rus-Türk Monitorinq Mərkəzi gözlənilən effekti vermədi, Rusiya istənilən addımı..." - Politoloq Rüstəm Tağızadədən GÜNDƏMİN ŞƏRHİ

12 Avqust 2021
Baxış: 1285

Müdafiə Nazirliyinin açıqlaması ilə Rusiya sülhməramlılarının nəzarətində olan erməni separatçılarının yenə fəallaşması, Şuşanın kəndlərində möhkəmlənməsi, eləcə də Laçın, Kəlbəcər rayonlarının yaxınlığında erməni postlarının qurulması haqqında mətbuata məlumat verildi.

Bu açıqlama ilə Rusiyaya xəbərdarlıq edilmiş oldu. Çünki, Rusiya 10 noyabr bəyanatına riayət etmir. Müdafiə nazirliyinin açıqlamasında Rusiya sülhməramlılarının “müvəqqəti yerləşdirildiyi “Azərbaycan əraziləri cümləsi düzgün olaraq qeyd edilib. Yenə də öz ənənəsinə sadiq qalan Ermənistan XİN belə bir bəyanat yaydı.

“Üçtərəfli bəyanat Ermənistan bölmələrinin Dağlıq Qarabağdan çıxarılmasını nəzərdə tutmur. Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxarılmasını nəzərdə tutur”.

Bu bəyanat ilə Ermənistan bir daha göstərir ki, beynəlxalq hüquq normalarına əməl etmir. Aydındır ki, Ermənistan Rusiyaya və Qərbdəki erməni lobbisinə arxalanır. Rusiya Ermənistan ərazisindən Qarabağa erməni hərbiçilərinin gəlməsinə şərait yaradır. Aydın məsələdir ki, Ermənistan sərhədlərin delimitasiya, demarkasiya işini uzadır. Sərhədlərin müəyyən olunmaması sülh sazişinin bağlanmasına mane olur. Belə olan təqdirdə Zəngəzur dəhlizinin açılması prosesi uzanır. Ümumiyyətlə son zamanlar rus siyasi ekspertləri mediaya açıqlamalarında rus sülhməramlılarının Qarabağda fəaliyyətinin beş ildən çox olacağını qeyd edirlər. Rus siyasi ekspertlərini bunu sülhməramlıların Cənubi Osetiyada, Dnestryanı bölgədə uzun müddət qaldığı ilə əlaqələndirirlər. Təbi ki, burada Rusiyanın siyasi dairələrinin maraqları da açıq-aydın hiss olunur.


Noyabrın 10-da bağlanmış atəşkəs sazişindən sonra Rusiya mümkün qədər Qarabağa ermənilərin köçürülməsi işi ilə məşğul oldu. Müharibədən əvvəl sayları 65 minə çatan ermənilərin çoxusu geri qayıtmadı. Hal-hazırda Qarabağda ermənilərin sayı 20-25 min aralığındadır. Rusiya mümkün qədər erməniləri Qarabağa qaytarmaq istəsə də bu alınan proses deyil. Münbit torpaqların çoxusu əllərindən çıxıb. Hal-hazırda Xankəndində içməli su promlemi yaranıb. Bunlar hamısı bizim xeyrimizə olan amillərdir. Buna baxmayaraq humanitar maddi yardım adı altında ermənilər üçün evlər tikilir.

Bu qanunsuz işləri isə rus sülhməramlıları həyata keçirir. Son dövrlər atəşkəsin pozulması, Şuşada qanunsuz postların qurulması fonunda nələr etməliyik?

Rus sülhməramlıları bundan sonra 4 il Qarabağda fəaliyyət göstərəcək. Rus-Türk Monitorinq mərkəzi gözlənilən effekti vermədi. Bölgədə Rusiya öz geosiyasi maraqlarını qorumaqdan ötrü istənilən addımı ata bilər. Bunların qarşısını vaxtında almalıyıq. Laçın dəhlizini tam olaraq nəzarətə götürməsək, Qarabağda olan erməni separatçılarını çıxartmasaq, Ermənistan yeni təxribatlara əl atacaq. Düzdür, Türkiyənin hərbi bazası Azərbaycanda olsaydı bizim üçün təhlükəsizlik qarantı olardı. Fikrimcə, indiki halda Türkiyənin hərbi baza qurması mümkün deyil deyil. Bu Rusiya kimi böyük dövlətdə daha çox qıcığın yaranmasına və yeni təxribatlara əl atmasına səbəb olar. Ancaq Türkiyəni bu proseslərdən kənarda tutmamalıyıq. Müharibədən sonra Cənubi Qafqazda nüfuzu artmış Türkiyə Rusiyanın neytrallaşmasında əvəzsiz rol oynayır. Azərbaycan bütün təsir vasitələrindən istifadə edib Ermənistanı tam olaraq sülhə məcbur etməlidir. Elə etməliyik ki, Qarabağda yaşayan gənc nəsil Ermənistana köç etsin. Bundan əlavə İrandan gələn yüklərin daşınmasının qarşısını almalıyıq. Rusiya-Türkiyə-Azərbaycan formatında siyasi görüşlər keçirilməlidir. Bunun üçün isə Azərbaycanın çoxlu sayda təsir vasitəsi vardır. Bu təsir vasitələrini isə gecikdirmədən həyata keçirməliyik.

Politoloq Rüstəm Tağızadə