18 May 2024
Roma Papası Pasxa bayramı təbrikində pandemiya ilə mübarizədə həmrəyliyə çağırış edib

Roma Papası Pasxa bayramı təbrikində pandemiya ilə mübarizədə həmrəyliyə çağırış edib

04 Aprel 2021
Baxış: 1374

Xristian aləminin ən ali bayramı – Müqəddəs Pasxa bayramı günündə Roma Papası I Fransisk ənənəvi “Urbi et Orbi” (“Şəhərə və yer kürəsinə”) bayram xeyir-duasını artıq ikinci ildir ki, möminlərin iştirakı olmadan oxuyub.

AJM xəbər verir ki, Vatikanda hər il adətən on minlərlə insanın toplaşdığı Müqəddəs Pyotr meydanına pandemiya səbəbindən giriş bağlı olub. I Fransisk çıxışında koronavirus pandemiyasının hələ də bütün dünyada tüğyan etdiyini bildirib və insanları ruhdan düşməməyə çağırıb.

Pontifik qeyd edib ki, bütün dünyanı bürüyən koronavirus böhranı xüsusilə yoxsullar üçün ağır keçir. Dünyada qlobal böhranın mövcud olmasına baxmayaraq, münaqişələr də sona çatmır. O, bütün böhran ocaqları üçün sülh arzulayıb.

Papa çıxışında, həmçinin bildirib ki, pandemiya üzərində qələbə qazana bilmək üçün ən təsirli vasitə peyvənd maddələridir: “Peyvənd maddələrinin internasionalizmi” anlamında beynəlxalq ictimaiyyəti peyvənd təminatında yaranmış ləngimələri birgə səylər nəticəsində aradan qaldırmağa və xüsusilə də yoxsul ölkələr üçün olmaqla həmrəylik əsasında peyvəndlərin paylanmasına dəstək göstərməyə çağırıram”.

Roma Papası çıxışında Myanmar, Suriya, Yəmən və Liviyada, eləcə də dünyanın digər böhran ocaqlarında münaqişə və insan ölümlərinə son qoyulması, İsrail övladları və fələstinlilər arasında dialoq vasitəsilə sabit həll yolunun tapılması üçün dua edib.