19 May 2024
Qul ticarətinə görə üzr istəməliyik

Qul ticarətinə görə üzr istəməliyik

26 Aprel 2023
Baxış: 490

Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa bildirib ki, ölkəsi transatlantik qul ticarətindəki roluna görə üzr istəməli və məsuliyyəti üzərinə götürməlidir.

Prezident ölkədə diktaturanın devrildiyi 1974-cü ilin “Qərənfillər” inqilabının 49-cu ildönümü münasibətilə Portuqaliya parlamentində keçirilən mərasimdə çıxış edib. Mərasimdə ölkəyə səfər edən Braziliya Prezidenti Luis İnasio Lula da Silva da iştirak edib.

Marselo Rebelo de Sousa çıxışında keçmişdə Portuqaliya gəmilərinin Afrikadan Cənubi Amerikaya həyata keçirdiyi qul ticarətinə toxunaraq, ölkəsinin bu səbəbdən üzr istəməsinin lazım olduğunu bildirib. Bununla belə, üzr istəməyin ən asan iş olduğunu deyən Prezident Sousa, daha yaxşı bir gələcək qurmaq üçün Portuqaliyanın da keçmişinə görə məsuliyyət daşımalı olduğunu qeyd edib.

Prezident Sousanın sözlərinə görə, Braziliyanın müstəmləkələşdirilməsinin portuqal dili və mədəniyyətinin yayılması kimi müsbət cəhətləri olsa da, bunun yerli xalqların istismarı, köləlik və Braziliyanın maraqlarına zərər vurması kimi pis nəticələri də var.

Xatırladaq ki, Portuqaliyalı qul tacirləri XV-XIX əsrlərdə Atlantik okeanı üzərindən azı 6 milyon afrikalını Braziliya başda olmaqla dünyanın bir çox ölkəsinə daşıyaraq qul kimi satıblar.

Teqlər: