19 May 2024
Qalmaqallı general Hikmət Həsənovun yeni görüntüsü yayıldı - FOTO

Qalmaqallı general Hikmət Həsənovun yeni görüntüsü yayıldı - FOTO

27 Aprel 2022
Baxış: 652

Bu gün Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.


AJMEDİA.İNFO xəbər verir ki, Müdafiə Nazirliyinin görüşlə bağlı yaydığı fotoşəkildə çoxdandır haqqında müxtəlif söz-söhbətlər dolaşan general-mayor Hikmət Həsənov da görüntülənib.

Bu, son 6 ayda Hikmət Həsənovun ilk görüntüsüdür.

Beləliklə, general-mayor Hikmət Həsənovun Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi barədə bir neçə ay öncə yayılmış qeyri-rəsmi məlumat dolayısı ilə təsdiqlənib.

Xatırladaq ki, Hikmət Həsənov 2020-ci ilin sentyabrında - 44 günlük Vətən müharibəsi başlayarkən Silahlı Qüvvələrin Birinci Ordu korpusu komandiri vəzifəsində xidmət edirdi.

Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng vuraraq təbrik etdiyi ilk general və korpus komandiri olmuşdu.

Vətən müharibəsindəki Zəfərdən sonra generalın adı mediada bədnam “Tərtər işi” ilə bağlı hallandırılmış və onun haqqında müxtəlif ittihamlar səsələndirilmişdi.

2021-ci ilin 26 iyununda - ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər arasında Hikmət Həsənovun adının görünməməsi diqqət çəkmiş və soaial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olmuşdu.

Ötən ilin ortalarında isə onun Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılmış, amma Müdafiə Nazirliyi xəbəri nə təsdiq, nə də təkzib etmişdi.

Sonradan generala yaxın mənbələr müharibə zamanı Hikmət Həsənovun olduğu zirehli maşının minaya düşməsi haqda xəbər yaymışdılar.

Ardınca isə generalın infarkt keçirərək, ürək əməliyyatına məruz qaldığı qeyd edilmişdi.

Həmin vaxt generala yaxın mənbələrin mediaya sızdırdığı xəbərdə onun sağaldıqdan sonra Hərbi Akademiyanın rəis müavini postunda xidmət etdiyi bildirilmişdi.(modern.az)