19 May 2024
Politoloq: "Cozef Baydenin xarici siyasət kursu iflasa doğru gedir"

Politoloq: "Cozef Baydenin xarici siyasət kursu iflasa doğru gedir"

10 Dekabr 2021
Baxış: 505

“ABŞ-ın Türkiyəyə münasibəti digər türk dövlətlərinə qarşı da istiqamətlənib. Görünür, ABŞ türk dövlətlərinin birliyindən ehtiyat edir. Odur ki, gələcəkdə də Qərbin bu dövlətlərə qarşı mənfi mövqe tutacağı gözləniləndir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri açıqlamasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

“Ümumiybyətlə, Cozef Baydenin xarici siyasət kursu özünü doğrultmadı. Ayrı-ayrı dövlətlərlə, o cümlədən Türkiyə, Rusiya, Çinlə münasibətlər Baydenin xarici siyasətinin iflasa doğru getdiyini göstərir. Türk dövlətlərindən heç birinin sammitə dəvət olunmaması isə Baydenin prezident kimi beynəlxalq siyasətdə “oyunçu” olmadığını deməyə əsas verir”, - o bildirib.

Professor vurğulayıb ki, beynəlxalq güclər arasında münasibətlər daha da kəskinləşəcək: “Müxtəlif ABŞ prezidentləri, o cümlədən Cozef Bayden zaman-zaman demokratiya amilindən digər dövlətlərə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışıb. Hazırkı reallıq isə ondan ibarətdir ki, ABŞ, Rusiya və Çin ortaq məxrəcə gələ bilmirlər. Bildiyiniz kimi, ABŞ, Rusiya və Çin dövlət başçıları arasında danışıqlar da arzuolunan nəticəni vermədi. Bundan sonra isə yeni mərhələ başlayacaq və gərginlik daha da artacaq. Onu da deyim ki, Ermənistanın bu iclasa dəvət edilməsi onun xeyrinə yox, ziyanınadır. ABŞ-ın proseslərə təsir imkanı o qədər də çox deyil. Rusiyanın yaxın gələcəkdə Ermənistanı cəzalandırması isə tamamilə mümkündür”.

Qeyd edək ki, dekabrın 9-10-da ABŞ-ın rəhbərliyi ilə keçirilən demokratiya sammitinə türk dövlətləri, habelə əsas rəqiblər olan Rusiya və Çin dəvət olunmayıblar. Bu, Birləşmiş Ştatların demokratiya amilindən öz siyasi məqsədləri üçün istifadə etməsinin göstəricisidir. ABŞ-ın Əfqanıstanı tərk etməsi, o cümlədən müxtəlif ölkələrdə “ərəb baharı”nın yaşanması isə rəsmi Vaşinqtonun “demokratik dəyərləri"nin təsiridir.