19 May 2024
“Onlarla başa düşdükləri dildə danışacağıq” – Ərdoğandan SƏRT MESAJ

“Onlarla başa düşdükləri dildə danışacağıq” – Ərdoğandan SƏRT MESAJ

09 Sentyabr 2022
Baxış: 294

“Yunanlar birbaşa Türkiyə ilə danışmaq əvəzinə, BMT-də, ABŞ-da, Avropa Birliyində və hətta ən güclü üzvlərindən biri olduğumuz NATO-da bizdən davamlı şikayət edərək az qala təhdid mexanizmlərindən istifadə edirlər”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Xorvatiyadan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bir neçə gün əvvəl Yunanıstana ünvanladığı “bir gecə qəfil gələ bilərik” mesajından danışıb:

“Düşünürəm ki, ifadə etdiyim məqamlar və çatdırmaq istədiyim mesaj son dərəcə aydındır. Yunanıstanın son zamanlarda Türkiyəyə münasibəti anlaşılmazdır. Egeydə pozuntuya yol verirlər, NATO missiyasını yerinə yetirən təyyarələrimizə müdaxilə edirlər, S-300 sistemləri ilə radar kilidlənməsinə qədər bir çox müdaxilələr var. Bizim S-400 məsələmizi dillərindən düşürməyənlərdən Yunanıstanın S-300-ləri haqqında nəsə eşitmisiniz? S-300 də, S-400 də Rusiyanındır. Amma ona səsini çıxaran yoxdur.

Razılaşmalardakı qeyri-hərbi statusa qarşı burnumuzun dibindəki adaları silahlandırmaqda davam edirlər. Eyni zamanda, bazaların yaradılması məsələsi də var. Buna Amerika rəhbərlik edir. BMT Baş Assambleyasının sammitində Amerika prezidenti ilə görüşmək imkanımız olsa, ABŞ-ın atdığı bu addımlar da qeyd olunacaq və bu məsələlərdən danışacağıq.

Digər tərəfdən, Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyaları kontekstində bizə tətbiq etməyə çalışdıqları maksimalist tezislər var. Bunun da həzm ediləsi tərəfi yoxdur. Birbaşa Türkiyə ilə danışmaq əvəzinə, BMT-də, ABŞ-da, Avropa Birliyində və hətta ən güclü üzvlərindən biri olduğumuz NATO-da bizdən davamlı şikayət edərək az qala təhdid mexanizmlərindən istifadə edirlər. Təbii ki, bunu qəbul etmək olmaz. Hansı dildə başa düşürlərsə, biz də mötərizə açıb, o dildə danışarıq. Bilirəm ki, məni başa düşdülər".(teleqraf.com)