16 May 2024
“Nezavisimaya qazeta”: koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb

“Nezavisimaya qazeta”: koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb

05 İyun 2020
Baxış: 495

“Koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb. “Nezavisimaya qazeta”da bu sərlövhəli məqalə dərc olunub. Materialda qeyd edilir ki, Ermənistanda koronavirusa yoluxanların sayının dəhşətli dərəcədə artmasına görə baş nazir Nikol Paşinyanı ittiham edirlər.

AJM xəbər verir ki, qəzetin icmalçısı Yuri Roksun yazdığına görə, Ermənistan parlamentində təmsil olunmuş müxalifət respublikada epidemiya ilə bağlı çox mürəkkəb vəziyyət yaranmasının və yaxşılaşma meyillərinin olmamasının səbəbi barədə hökumətdən izahat tələb edir.

Xatırladaq ki, Ermənistan əhalinin hər milyon nəfərindən koronavirusa yoluxanların sayı göstəricisinə görə Rusiyadan irəlidədir. İyunun 4-ü üçün olan məlumata görə, Ermənistanda koronavirusa yoluxma ilə bağlı 11.221 hadisə qeydə alınıb. Xəstəliyə tutulanların sayının artım göstəricisi təqribən 6 faizdir. Yoluxanların 3468 nəfəri sağalıb, 176 nəfər dünyasını dəyişib.

Qəzet yazır ki, Ermənistan parlamentində təmsil olunmayan müxalifət bu vəziyyətə görə şəxsən baş nazir Nikol Paşinyanı və onun hökumətini ittiham edir. Bu Nazirlər Kabinetində əvvəllər işləyənlərin bir qismi də Paşinyanın istefasını tələb edənlərə qoşulub. Özü yüngül formada koronavirusa yoluxmuş baş nazir isə yaranmış təhlükəli vəziyyətə görə məsuliyyəti əhalinin üzərinə yıxır. Onun fikrincə, əhali mövcud vəziyyətə qeyri-ciddi yanaşır və təhlükəsizlik normalarını pozur.

“Çiçəklənən Ermənistan” blokunun deputatı Naira Zoqrabyan hökuməti kəskin tənqid edib.

Məqalədə deyilir: “Səhiyyə naziri Arsen Torosyan da kəskin tənqidə məruz qalıb. Müxalifət onu epidemiya siyasətini tamamilə iflasa uğratmaqda, səhvlərini etiraf etməyi və onları düzəltməyi bacarmamaqda ittiham edir”.

Qəzet daha sonra yazır ki, Torosyan özü bu günlərdə Gürcüstanın ünvanına koronavirusla bağlı qəribə bir bəyanat verib, bu bəyanat beynəlxalq qalmaqala səbəb olub və nazir qonşu ölkədən üzr istəməyə məcbur olub. Bu dəfə isə, Torosyan müxalifətçi deputatları təqsirləndirib. Onun fikrincə, məhz həmin deputatlar fövqəladə vəziyyət rejiminin uzadılmasına, yoluxanlarla təmasda olan şəxslərin aşkar edilməsi və maska taxmaq sistemi tətbiq edilməsinə mane olub, nəqliyyatın və müəssisələrin işinin bərpa olunmasını tələb ediblər. Nazir deyib: “Ermənistanın zəif inkişaf etmiş, onilliklər boyu kifayət qədər maliyyələşdirilməmiş səhiyyə sistemi, bununla belə, varlı ölkələrlə müqayisədə yüz qat yaxşı vəziyyətdə olub”.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 4-də sosial şəbəkədə növbəti dəfə xalqa müraciət edərək vəziyyətin pisləşdiyini bildirib. Baş nazirin sözlərinə görə, tibbi müəssisələr həddən artıq yüklənib və tibbi yardıma ehtiyacı olan insanları qəbul edə bilmir.