18 May 2024
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

21 Avqust 2021
Baxış: 698

Avqustun 21-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AJM-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, 6-cı sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 14 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2020-ci ilin sentyabr ayında başlanılıb. Kompleks qərargah, 8 mənzilli yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, 2 avtomobil saxlancı və yardımçı binadan ibarətdir. Ərazidə 65 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb, generator qoyulub, avtomobillərin yuyulması yeri, xidməti heyvanların saxlanması və əmlakları üçün anbarlar və mətbəx yaradılıb, helikopter meydançası inşa edilib.

Sərhəd zastavasının xidməti ərazisinin və dislokasiya yerinin mühafizəsi üçün 13 sabit və 2 idarəolunan kamera sistemi, 1 kilometr radiusa malik 2 projektor quraşdırılıb, 4 müşahidə qülləsi təmir olunub. Bununla da 1-ci sərhəd komendantlığı tam şəkildə kamera sistemi ilə təchiz edilib. Xidməti ərazidə 14 kilometr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib, isinmə məntəqəsi və körpü əsaslı təmir olunub.

Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün 8 yerlik istirahət otağı, sinif, silah, rabitə və iş otaqları, 28 yerlik yeməkxana, mətbəx, anbar, qurutma otağı və sığınacaq vardır. Yaşayış binasındakı hər biri iki otaqdan ibarət olan 8 mənzil mebel dəstləri, mərkəzləşmiş istilik sistemi, televizor, soyuducu və paltaryuyanla təmin olunub.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Xidməti ərazidə istifadəyə verilən yaşayış binasında sizlər yaşayacaqsınız. Bura sizləri bir ailə kimi birləşdirəcəkdir. Sizin yaşayışınız, uşaqların asudə vaxtlarının səmərəli keçməsi, eyni zamanda xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün bunlar həm rahat yaşayışı, həm də xidmətin düzgün təşkilini təmin edəcək. Sizlər də yaradılanları gərək qoruyasınız ki, sizdən sonra buraya gələnlər də rahat yaşaya və xidmətlərini davam etdirə bilsinlər. Bu, Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə olan diqqətidir. Yaradılan şərait imkan verəcək ki, dövlət sərhədləri etibarlı qorunsun, Vətənə sədaqətlə xidmət təşkil edilsin.

Ali Məclisin Sədri sərhədçi ailələrinə yeni mənzillərində rahat yaşayış, xidmətdə olanlara isə xidmətlərində uğurlar arzulayıb.

Sona Orucova sərhədçi ailələri adından göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, mənzillərdə yaradılan şəraitlə tanış olub.