17 May 2024
“İstəyirlər, lap lüt getsinlər...” – Deputatdan Avroviziya təmsilçilərimizin geyiminə REAKSİYA

“İstəyirlər, lap lüt getsinlər...” – Deputatdan Avroviziya təmsilçilərimizin geyiminə REAKSİYA

08 May 2023
Baxış: 305

Bu il Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil edən Tural və Turan qardaşlarının səhnə geyimləri geniş müzakirələrə səbəb olub. Belə ki, onların yarışmada iştirak üçün nəzərdə tutulmuş rəngli, güllü köynəkləri birmənalı qarşılanmayıb. Gəncləri tənqid edənlər də olub, onlara dəstək olanlar da...

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov Avropanı bu şəkildə heyrətləndirməyin mümkün olmadığını deyib:

“Azadlıq, müstəqillik insanları özbaşına buraxmaq demək deyil. Hər xalqın, dövlətin öz adət-ənənləri var. Biz dünyanı tatuajla, hörüklə heyrətləndirə bilmərik, çünki bu, onların həyat tərzidir və yüz illərdir, bu tərzlə yaşayırlar. Bilmirəm, güllü-güllü geyimlər, sinəyə tatuaj etdirib onu nümayiş etdirmək haradan çıxıb? Mən müasir adamam, dünyanı gəzib dolaşmışam. Bizdə açıq-saçıqlığı Fransadan örnək götürürlər, amma Fransanın dövlət televiziyalarında sinəsi, baldırı açıq adamları efirlərə buraxmırlar. Bizim dünyanı təqlid etməyimizə gərək yoxdur. Bu mənada beynəlxalq yarışmalarda milli dəyərlər, mentalitet gözlənilməlidir. Dünyanı öz səsimizlə, dəyərlərimizlə heyrətləndirməliyik”.

Xalq artisti Ağsaqqallar Şurasını da tənqid edib:

“Bizim Ağsaqqallar Şurası nə ilə məşğuldur? Ulu Öndər bildirmişdi ki, biz qanunla idarə olunuruq, amma həm də əxlaqla, ağsaqqal, ağbirçək məsləhətlərilə idarə olunan xalqıq. Elə cinayət əməlləri var ki, insanları buna görə ölümlə qorxutmaq olmaz, amma ağsaqqal, ağbirçək sözü ilə biz o cinayətin qarşısını ala bilərik. İndi nə üçün Ağsaqqallar Şurasının bir nümayəndəsi çıxıb bu məsələyə münasibət bildirmir? Mən qadağadan danışmıram, hər şeyi açıq izah etmək lazımdır. Bayağı filmlər, bayağı verilişlərlə hara gedirik?”.

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbasın da fikirlərini öyrənməyə çalışdıq. Deputat isə Avroviziya ilə maraqlanmadığını bildirdi:

“Mən Avroviziya ilə, ora gedənlərlə maraqlanmıram. Kim necə gedir, getsin. İstəyirlər, lap lüt getsinlər”.