19 May 2024
İran tutarlı suallara verdiyi cavabla gülünc vəziyyətə düşdü - TƏHLİL

İran tutarlı suallara verdiyi cavabla gülünc vəziyyətə düşdü - TƏHLİL

28 Sentyabr 2021
Baxış: 348

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizlə sərhəd ərazidə keçirilən təlimlərlə bağlı haqlı olaraq İran tərəfinə ünvanladığı suallara rəsmi Tehran olduqca “maraqlı” tərzdə cavab verib.

AJMEDİA.İNFO xəbər verir ki,İran XİN nümayəndəsi Səid Xətibzadənin mövzu ilə bağlı açıqlamasında diqqətçəkən məqamlar bir neçə olub.

Təəccüblü budur ki, İran tərəfinin cavabının bir hissəsi elə Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı zamanı səsləndirdiyi fikirlə üst-üstə düşüb.

Səid Xətibzadə İran tərəfinin Azərbaycanla sərhəddə keçirilən təlimləri suveren hüquqlar əlaqələndirib.

Xatırlatmaq üçün Prezident İlham Əliyevin çıxışındakı həmin məqama da diqqət çəkək:

“İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur”.

Görünür, İran XİN nümayəndəsi Azərbaycan Prezidentinin də təlimlərlə bağlı fikirlərində sözügedən məqamı xüsusilə vurğuladığını unudub və ya bununla sualın əsas hissəsinə cavab verməkdən öz aləmində yayınmağa çalışıb. Çünki məsələnin əsas mahiyyəti həmin təlimlərin nəyə görə bu dövrdə və həmin ərazidə keçirilməsi ilə bağlı olub. Həm də, İran niyə ötən 30 ildə - Azərbaycanın torpaqlarının işğal altında olan vaxtlarda həmin ərazilərdə təlim keçirmirdi? Bu sualı Prezident İlham Əliyev də “Anadolu” Agentliyinə müsahibəsində səsləndirdi: “Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır”.

İran tərəfinin şimal qonşusu Azərbaycanla bağlı məqamlara yuxarıda qeyd etdiyimiz kimi “çevik” reaksiya verməsi təqdirəlayiq hal kimi xarakterizə edilə bilər. Lakin bir şərtlə ki, bu canfəşanlıq daimi xarakter daşısın.

Çünki İran tərəfinin cavab verməyi “unutduğu” yeganə məqam yuxarıda vurğulanan və Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş həmin sualın əsas hissəsi deyil.

Rəsmi Tehran Azərbaycanın dəfələrlə dilə gətirdiyi narazılıqdan sonra ona ünvanlanmış notaya hələ də rəsmi şəkildə cavab verməyib (yalnız səfir Seyid Abbas Musəvi şifahi şəkildə jurnalistlərə açıqlama verib). Azərbaycan tərəfi hələ də İranın Xankəndi istiqamətində daşınan naməlum yüklərlə bağlı sualına əsaslı cavab verməsini gözləyir. İran tərəfi isə bu məsələdə susmağı daha məqbul hesab edib.

İranın Azərbaycan liderinin açıqlamasındakı məqamları təəccüblə qarşıladığını vurğulayan Səid Xətibzadə mehriban qonşuluq münasibətlərini ön plana çəkib. Bununla növbəti dəfə yumşaq dillə desək “səhvə” imza atıb. Çünki elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin suallarının cavabsız qalan əsas hissəsi də məhz mehriban qonşuluq münasibətlərinin tələb etdiyi gözləntilərə əsaslanırdı. Həmçinin İran TIR-larının qanunsuz səfərləri məsələsinin də mehriban qonşuluq münasibətlərindən bəhs olunan bir mühitlə uyğun gəlmədiyini cənab S.Xətibzadəyə xatırlatmaq yerinə düşərdi.

Rəsmi Tehranın “əsaslı” cavabının ən diqqətçəkən məqamı isə Səid Xətibzadənin son cümlələri olub. O, İranın öz sərhədləri yaxınlığında “sionist rejimin varlığına göz yummayacağını” deyib. İranın sərhədləri yaxınlığında hansı “sionist rejim”dən bəhs etdiyini anlamaq və əsaslandırmaq həqiqətən çox çətindir. Əslində bu açıqlama nə qədər absurd və gülünc xarakter daşısa da, dərindən düşündükdə yəqin ki, bir növ Azərbaycanın İsraillə yaratdığı çoxşaxəli və strateji əhəmiyyətli, mehriban dostluq münasibətlərinə diqqət çəkməyə çalışıldığını ehtimal etmək olar.

İran XİN nümayəndəsi suveren haqlardan bəhs etdiyi bir açıqlamada eyni haqların istənilən dövlətə şamil olunduğunu da unudub. Çünki təlim keçirmək məsələsi nə qədər bir ölkənin suveren məsələsidirsə, xarici tərəfdaşları, strateji müttəfiqləri seçmək və mehriban münasibətlər yaratmaq da eyni şəkildə istənilən ölkənin hüququdur.

İran XİN nümayəndəsi bu kontekstdə ölkəsinin öz milli təhlükəsizliyi üçün zəruri hesab etdiyi istənilən addımı ata biləcəyini vurğulayıb. Elə bu cür gülünc və ikrah doğuran fikirlərin də “mehriban qonşuluq münasibətləri”nə vurğu edilən bir açıqlamada yer almasının nə dərəcədə uyğun olmasını İran tərəfinin vicdanına buraxmaq lazımdır.

Rəsmi Tehran bəlkə də bu cür qəribə açıqlama ilə heç bir anlayışa sığmayan “narahatlıqlarını” dilə gətirməyə çalışır, ancaq istənilən halda reallıq İranın təsəvvüründəkindən kəskin fərqlənir. İranın yersiz qorxuları isə Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin əsas aktoru olması həqiqətini heç bir halda dəyişmir.

İran sözügedən məsələdə özünü haqlı hesab edirsə, o zaman növbəti dəfə analoji qaydada Ermənistanla isti münasibətlərə sahib olduğunu da unudur. Uzun illər Ermənistandakı işğalçı rejim üçün nəfəslik rolunu oynayan İran bu münasibətlərin region üçün ölümcül fəsadlarını gözardı edərək heç bir əks fikrə məhəl qoymayıb.

Bu gün isə hər zaman işğalçı və regiondakı sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistanla hərtərəfli münasibətlər qurduğu halda bunu təhlükə hesab etməyən İranın hər hansı bir mücərrəd təhlükədən dəm vurmağını əsaslandırmaq çətindir. Bəlkə də, Səid Xətibzadə bu amili də Azərbaycanın cavab istədiyi əsas suallardan yayınmaq üçün qabardır.

Hər halda Azərbaycanın ortaya qoyduğu suallar dəqiq və açıqdır. İranın cavabına gəlincə, sadəcə natamam və gülüncdür.