06 May 2024
"İran Azərbaycana qardaş ölkə kimi yanaşırsa, Xocalı soyqırımını qəbul etsin" - Millət vəkili

"İran Azərbaycana qardaş ölkə kimi yanaşırsa, Xocalı soyqırımını qəbul etsin" - Millət vəkili

12 Avqust 2021
Baxış: 707

“Bir neçə gün öncə Azərbaycan Respublikası Milli Məclisinin sədri hörmətli Sahibə xanım Qafarova nümayəndə heyəti ilə bərabər İranda son prezident seçkilərində qalib gələn Seyid İbrahim Rəisinin təqdimolunma mərasimində iştirak edib. Əlbəttə, bu İran tərəfindən başqa ölkələrə olduğu kimi, Azərbaycana da dəvət əsasında baş tutub”

AJMEDİA.İNFO xəbər verir ki, bunu moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Deputat Sahibə xanım Qafarovanın İran səfərinə ləkə vurmağa çalışan sosial şəbəkə istifadəçilərinə də mesaj verib:

“Bu dəvət birmənalı olaraq beynəlxalq hüquq normalarına və dövlətlərarası protokollara görə dövlətə göndərilir və dövət artıq kimin orda iştirak etməsini özü müəyyənləşdirir. Nümayəndə heyətini özü müəyyənləşdirərək həmin andiçmə mərasimində iştirak edib-etməməsi haqqında qərar verir və nümayəndə heyəti ilə orda təmsil olunur. Bu baxımdan Sahibə xanımın nümayəndə heyətinin rəhbəri kimi orada həm Azərbaycan hökuməti adından kifayət qədər ciddi bir nümayəndə heyəti ilə bu inaqurasiya mərasimində iştirak edib. Deyərdim ki, bu İran İslam Respublikasının protokol qaydalarına uyğun olaraq bu cür görüşlər, səfərlər tənzim olunur. Hər bir ölkənin özünün qəbul etmiş olduğu protokol qaydaları var və xarici ölkədən gələn nümayəndə heyəti, rəsmi qonaqlar da həmin protokol qaydalarına uyğun davranmalıdırlar. Bunun alternativi yoxdur.

Təəssüf edirəm ki, beynəlxalq hüquq normalarından təsəvvürü olmayan, savadı çatmayan, hətta yazdığı şərhlərdə belə cümlələri düzgün qurmayan insanlar belə bir ciddi xarakter daşıyan səfərə qiymət verməyə çalışırlar. Əsas da iddia edirlər ki, Sahibə xanım niyə görə ora başıörtülü gedib. Bu, İran dövlətinin protokol qaydasıdır. Hətta Avropa ölkələrindən gedən siyasətçilər də o qaydalara əməl edirlər. Bu qaçılmazdır. Gərək o qədər qeyri-zəka sahibi olasan ki, bunu anlamayasan. Bundan başqa Sahibə xanım orda çox ciddi görüşlər keçirib. Həm seçilən İbrahim Rəisi ilə və eyni zamanda, İran Parlamentinin sədri ilə görüşü çox məhsuldar, Azərbaycanın dövlət və milli maraqlarına tamamilə cavab verən mövqe baxımından diqqəti cəlb edir. Hətta Sahibə xanım ilk dəfə olaraq İran rəsmiləri ilə görüşəndə Xocalı faciəsinin İran parlamentində soyqırım kimi tanınmasını təklif edib. Bu yetərincə, ciddi bir təklifdir və hesab edirəm ki, əgər doğrudan da İran dövləti Azərbaycana qardaş ölkə kimi yanaşırsa, bəşəri dəyərlərə hörmət edirsə, baş verən soyqırımı Sahibə xanımın təklifindən sonra müzakirəyə qoyub qəbul etməlidir.

Digər tərəfdən müzakirə olunan və gündəliyə çıxarılan məsələlərdən biri Sahibə xanım Qafarovanın prezidentlə görüşü zamanı Azərbaycan bayrağının orda olmamasıdır. Anlamaq, başa düşmək lazımdır ki, Sahibə xanım İran Respublikasının prezidenti ilə görüşəndə o, Azərbaycan dövlətini prezident kimi təmsil etmirdi, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi onunla görüş keçirdi və burada Azərbaycanın bayrağı olmalı deyildi. Necə ki, Azərbaycana dünyanın ayrı-ayrı spikerləri, yüksək səviyyəli qonaqları, nazirləri gəlir və orda həmin ölkələrin bayrağı olmur. Bayraq o zaman olur ki, o, ya prezidentdir, ya da parlamentin respublikasında hökumət başçısıdır. Dünyada bu qəbul olunub. Bu qədər nadanlıq əsas götürülərək sosial şəbəkələrdə çox məhsuldar keçən görüşə ləkə vurmağa çalışırlar.

Mən deyərdim ki, artıq bu səfərdən sonra İbrahim Rəisinin Azərbaycanla bağlı vermiş olduğu açıqlamalar da keçən görüşün mühüm və əhəmiyyətli nəticəsi kimi qiymətləndirilməlidir. Məncə, İbrahim Rəisinin Azərbaycanla bağlı açıqlamaları tamam fərqlidir və Azərbaycanla-İran arasında daha fərqli və bizim maraqlarımıza uyğun şəkildə qurulacağından xəbər verir. Bu həm də Sahibə xanım Qafarovanın aparmış olduğu danışıqların məntiqinə söykənir. Ona görə də hər hansı bir məlumatı oldu-olmadı, düşüncəsi, zehni buna imkan verdi-vermədi dərhal sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyinə böhtan, qərəz dolu bu cür şərhlər verilir. Bu cür şərhlərin isə heç birinin əsası yoxdur. Bir daha təkrar edirəm ki, 2010-cu ildən Milli Məclisdə birgə fəaliyyət göstərdiyim Sahibə xanım kifayət qədər vətənpərvərdir, milli dövlətçiliyimizə bağlı bir siyasətçi və dövlət xadimidir. Bunu unutmaq olmaz. Sahibə xanımın spikerliyi dövründə Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra üç ölkədə ciddi görüşlər keçirdi. Pakistan, İtaliya, Macarıstan və həmin ölkələrlə Azərbaycan parlamenti arasında bundan sonra daha yüksək münasibətlərin qurulmasına, inkişafına heç bir şübhə ola bilməz. Daha mühümü isə o insanlara xatırlatmaq istəyərdim ki, biz xəyallarda bu cür məsələlərin reallaşmasını düşünə bilərdik. Pakistan-Türkiyə və Azərbaycan Parlamentlərinin Bakı bəyannaməsi qəbul olunub. Bu möhtəşəm sənədin qəbulunun ideya müəllifi Sahibə xanım Qafarovadır. Ona görə də zəkası geri olan insanlara tövsiyə edərdim ki, onlar bilmədikləri, təsəvvürləri olmadıqları məsələ ətrafında dövlətçiliyimizə ziyan verə biləcək bu cür açıqlamalardan, şərhlərdən, yanaşmalardan uzaq olsunlar”.