20 May 2024
“İnkişafın Azərbaycan modelinin mövcudluğu böyük uğurdur”

“İnkişafın Azərbaycan modelinin mövcudluğu böyük uğurdur”

24 İyun 2023
Baxış: 281

“24 iyun 1993-cü il müasir müstəqil Azərbaycanın çoxəsrlik tarixinin əlamətdar günlərindən biridir. Milli Məclisin bu tarixdə keçirilən iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bununla da ölkəmizin həyatında yeni bir mərhələ başladı”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, ümumilikdə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri daha da təkmilləşdirildi, Milli Məclisə yeni bir nəfəs gəldi: “Azərbaycan demokratik, hüquqi dövlət olaraq bu sahədə islahatları daha da dərinləşdirdi. Qəbul edilən yeni qanunlar ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynadı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın müstəqilliyi üçün təhlükələr yaranananda xalqın sabaha ümidləri itmədi. Xalqımızda belə bir əminlik var idi ki, Vətənini, xalqını, dövlətini canından artıq sevən, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atan ulu Öndər Heydər Əliyev yaranmış vəziyyətə biganə qalmayacaq, zəngin idarəçilik təcrübəsindən istifadə edərək ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcək. Elə də oldu. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında dayanan strateji vəzifə və hədəfləri müəyyənləşdirdi. Hər bir ölkənin inkişafında sabitliyin və iqtisadi tərəqqinin əhəmiyyətini önə çəkən Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelini gerçəkləşdirdi”.

Deputat bildirib ki, “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” söyləyən ümummilli lider 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübarizə aparmışdı.

M. Həsənov qeyd edib ki, bu gün Azərbaycan qalibiyyəti, bu fonda yaratdığı reallıqlarla dünyaya səs salıb. Rəşadətli Azərbaycan Ordusunun üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməsinə yönəldib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə yeni bir səhifə yazdı. Artıq üç ildir ki, bayramlarımızı zəfər ruhunda qeyd edirik. 26 İyun-Silahlı Qüvvələr Günü ərəfəsindəyik. Dövlət başçısı iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edilməsi mərasimindəki çıxışında xüsusi qeyd etdi ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Dövlət başçısı belə bir mesajı ünvanladı: “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır”.