17 May 2024
İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan münasibətləri - Politoloq Rüstəm Tağızadənin yazısı

İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan münasibətləri - Politoloq Rüstəm Tağızadənin yazısı

24 Sentyabr 2021
Baxış: 925

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-İran münasibətlərində yeni dövr başladı. İran mütəmadi olaraq, Ermənistan üzərindən Qarabağa qanunsuz olaraq yük daşımasına davam edir. Buna cavab olaraq Azərbaycan Gorus-Qafan yolunda polis-nəzarət məntəqəsi qurdu. İran yük maşınları yoxlanıldıqdan sonra İran Azərbaycanın cənub sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməyə başladı. Aydın məsələdir ki, İran dövləti Azərbaycan-Türkiyə hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə hesab edir. Hərbi təlimlərin keçirilməsi İranın Türkiyə və Azərbaycan güc nümayiş etdirməsindən qaynaqlanır. 27 ildir Azərbaycanın sərhədboyu rayonları işğal altında olanda İran hərbi təlimlər keçirmirdi.

Bəs nə oldu ki, İran həmin bölgədə təlimlər keçirməyə başladı?

Bu proseslərin ardınca İranın ali dini liderinin Ərdəbil şəhərindəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələdi. Baş verənlər Türkiyəni də narahat edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahian Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər. İranlı nazir regionda yeni hadisələrin baş verdiyini və buna görə də ölkələr arasında nizamlı konsultasiyalara ehtiyac olduğunu deyib. Əgər İranlı nazir nizamlı konsultasiya prosesinə razıdırsa, onda İran Qarabağa Ermənistan üzərindən qanunsuz yük daşımasını dayandırmalıdır. Birinci növbədə Qarabağa qanunsuz olaraq yük daşınması, ikinci növbədə Seyid Həsən Amulinin dövlətimizi hədələməsi provakasiya xarakteri daşıyır. İran-Azərbaycan münasibətlərində gərginliklər əvvəlki dövrlərdə də olmuşdur. Misal üçün BP şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektiv yataqlardan birində müqavilə əsasında kəşfiyyat işlərinə başlamaq istədiyini bəyan edən kimi Tehran öz hərbi gəmilərini hərəkətə gətirmişdi. Səbəb nə idi? Bu ərazilərə İranın da iddiası var. Bunun ardınca İran hərbi-hava qüvvələri Azərbaycanın hava sərhədlərini müntəzəm şəkildə pozmağa başlamışdı. Bu vəziyyət 2001-ci ilin avqustuna - Türkiyə “F-16”ları Bakı səmasında görünənə qədər davam etdi.

O zaman Türkiyə Tehranın aqressiyasının qarşısını xeyli aldı. Bu gün Azərbaycan regionda güclü dövlətdir. İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Ancaq İran başa düşməlidir ki, Azərbaycan ilə hədə dilində danışmaq olmaz. Bu diplomatik dil deyil. İranı bürüyən iqtisadi problemlər, Qərbin İrana sanksiyası daxildə çoxlu problemlər yaratmışdır. İran hərbi təlim keçirmək əvəzinə iqtisadi durğunluğunu aradan qaldırmalı və Azərbaycan ilə ikitərəfli görüşlər keçirtməlidir. Bu həm də regionda sülhün, təhükəsizliyin qorunmasına xidmət edər.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO