21 May 2024
"Hökumət bu qərarı ləğv etməlidir, əks halda gərginlik yaranacaq" - İqtisadçıdan MÜHÜM ÇAĞIRIŞ

"Hökumət bu qərarı ləğv etməlidir, əks halda gərginlik yaranacaq" - İqtisadçıdan MÜHÜM ÇAĞIRIŞ

19 May 2023
Baxış: 370

Evlərin icbari sığortalanması məsələsi yenidən gündəmə gəlib. İyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək.

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Samir Əliyev deyib ki, əslində daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub:

“2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanunun 35.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. 2015-ci ildə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində qeyd edilir ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Qanuna 2016-cı ildə edilmiş əlavəyə görə cərimə edilmiş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Ancaq 20 gündən sonra təkrarən cərimə tətbiq oluna bilər. 2019-cu ildə bu məsələ gündəmə gələndə cəmiyyətin reaksiyası nəticəsində sığorta şirkətləri geri çəkilməyə məcbur oldu”.

Ekspert qeyd edib ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir və əksəriyyətində bu, könüllüdür:

“Digər tərəfdən, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Bunun avtomobillərin icbari sığortası ilə qarışdırmaq düz deyil. Çünki avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında tətbiq edilir. Mənzillərin sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.

Həmçinin, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir.

Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq?

Bu, daha çox sosial məsələ olduğu üçün inanmıram ki, cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq”.(sfera.az)