18 May 2024
Hərbi Prokurorluq hərbçimizin yaralanması ilə bağlı MƏLUMAT YAYDI

Hərbi Prokurorluq hərbçimizin yaralanması ilə bağlı MƏLUMAT YAYDI

12 Fevral 2024
Baxış: 277

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə AJMEDİA.İNFO-ya Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

"Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.Allahdan hərbçimizə şəfa diləyirik".