20 May 2024
Haqq Ədalət Partiyası Gənclər Təşkilatı, Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik etdi

Haqq Ədalət Partiyası Gənclər Təşkilatı, Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik etdi

08 Noyabr 2022
Baxış: 737

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın gözü olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Xalqımızı bu münasibətlə Haqq Ədalət Partiyası Gənclər Təşkilatı adından səmimi qəlbdən təbrik edir, göstərdikləri qəhramanlıqlara görə rəşadətli ordumuzda xidmət edən hər bir hərbçiyə minnətdarlığımızı bildiririk. Bu sevinci bizə yaşadan, lakin cismən yanımızda olmayan ali zirvəyə ucalmış Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizlə birgə vətənimizin yağılardan təmizlənməsində misilsiz xidmətləri olan Qazilərimizə isə Allahdan şəfalar diləyirik. Zəfər gününüz mübarək olsun!

Открыть фото


Hörmətlə
Haqq Ədalət Partiyası Gənclər Təşkilatının sədri Şahin Seyidov