18 May 2024
Ermənistan Bakının şərtləri ilə RAZILIĞA GƏLİR

Ermənistan Bakının şərtləri ilə RAZILIĞA GƏLİR

26 Dekabr 2021
Baxış: 468

“Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 20-də milli təhlükəsilik xidməti əməkdaşları ilə keçirdiyi görüşündə sülh prosesi mövzusuna toxunaraq Prezident İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün “sülh gündəliyi”ni irəli aparmağın mümkünlüyü barədə dediklərini düşünürəm ki, səmimi olaraq dilə gətirib”.

AJMEDIA.INFO xəbər verir ki, bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Brüsseldə dəmiryolu xəttinin elan edilməsi və Paşinyanın son açıqlamaları göstərir ki, artıq bölgədə, regionda sülh uzaqda deyil:

“Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə də bu cür mövqe sərgiləyirdi. O, bu münaqişəni sülh yolu ilə həll edəcəyinə, qan tökülməyəcəyinə, 30 il idi davam edən münaqişənin bitəcəyinə və s. söz vermişdi. Daha sonra sözünü yerinə yetirə bilmədi. Əlbəttə ki, burada şovinist cəmiyyət tərəfindən şantaj olunması, keçmiş “klan” üzvlərinin onu xəyanətdə ittiham etməsi kimi faktorlar da onun fikrindəki dəyişikliklərdə rol oynadı. Məcbur olub “Papadan çox, katolik” oldu. Hətta sərt açıqlamalar verməyə, təhdidlər etməyə məcbur oldu ki, bu da onun sonunu gətirdi.

Yadımdadır ki, Paşinyan həmin dövrdə də bizim rəhbərlikdən 2 il müddət istəmişdi ki, bu müddətdə o cəmiyyəti sülhə hazırlamalı idi. Artıq məğlubiyyət açıq olduğuna görə, Ermənistan üçün ümumi vəziyyət pis olduğuna görə düşünürəm ki, o, bu reallıqları dərk edir. Əlbəttə ki, müəyyən şərtlərə yenə də razılşamaq istəmirdi, amma ən son sərhəddə bizim göstərdiyimiz iradə, son təxribatlarına qarşı göstərdiyimiz iradə onu məcbur etdi yenidən düşünsün ki, sülhdən başqa bir yol yoxdur. Ən son olaraq dəmiryoluna icazə verilməsi, bunun Brüsseldə razılaşdırılması onu deməyə əsas verir ki, Avropa İttifaqı da bu yaxınlaşmadan, sülh prosesində maraqlıdır. Məhz ona görə də Brüsseldə dəmiryolu xəttinin elan edilməsi, sonra Makronla birlikdə üçtərəfli görüş və ardınca da bu açıqlamaları onu göstərir ki, artıq bölgədə, regionda sülh uzaqda deyil.

Tezliklə digər kommunikasiya xəttlərinin – Zəngəzurdan keçən dəmiryolu ilə paralel olan avtomobil yolunun açılmasının şahidi olacağıq, digər əlaqələrin də bərpasının şahidi olacağıq, bütün kommunikasiya xəttlərinin açılmasına şahidlik edəcəyik.

Eyni şəkildə, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verdi ki, Ankaradan və İrəvandan təyin olunan xüsusi nümayəndələr arasında görüş baş tutub. Onlar yol xəritəsi hazırlayacaqlar, artıq İrəvan-İstanbul reysləri açıqlacaq. Bu onu deməyə əsas verir ki, artıq ciddi şəkildə dönüş var. Əlbəttə ki, burada bizim qələbəmizin və son təxribatlar qarşısında göstərdiyimiz mətanətli duruşun da xüsusu rolu var”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 20-də milli təhlükəsilik xidməti əməkdaşları ilə keçirdiyi görüşündə sülh prosesi mövzusuna toxunub. Paşinyan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün “sülh gündəliyi”ni irəli aparmağın mümkünlüyünü düşünür. Baş nazirin fikrincə, regionda yeni dövr başlayır və Ermənistan hökuməti bu dövrü sülh siyasəti dövrü olaraq elan edib. (Azerforum)