06 May 2024
Ərdoğandan sonra Putin Qarabağa səfər edəcək? - "Yalnız bu halda gələ bilər..."

Ərdoğandan sonra Putin Qarabağa səfər edəcək? - "Yalnız bu halda gələ bilər..."

27 Oktyabr 2021
Baxış: 751

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra iki dəfə Qarabağda oldu. Füzuli Hava Limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli aeroportu istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, bundan sonra əsas sual daha hansı liderin təyyarəsi Füzuli hava limanına enərək Qarabağa səfər edəcək:

"Cənubi Qafqaz bölgəsində iki dövlətin – Türkiyə və Rusiyanın ağırlığı var. Odur ki, Rusiya Prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın ardınca Qarabağa gəlişi mümkündürmü?

44 gündən sonra İkinci Qarabağ savaşını durduran Rusiya Prezidenti Vladimir Putin oldu. Məhz onun səyləri nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında məlum bəyanat imzalandı. İki ay sonra liderlər arasında Moskvada ikinci bəyanata imza atıldı. Bununla bərabər, 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində təmas qrupu formalaşaraq il ərzində Moskvada bir neçə dəfə görüşdü. Digər tərəfdən, Rusiya sülhməramlılarının Qarabağda varlığı da Rusiyanın Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olduğuna dəlalət edir. Putin Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsi məqsədilə aparılacaq danışıqlarda da tək vasitəçinin Rusiya olacağını vurğulayıb.

Rusiyanın xeyrinə olan bütün bu amillər nəzərə alaraq Kreml sahibinin gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər. Putinin özü də iki dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Ərdoğandan geri qalmaq istəməz. Ancaq Putinin hazırki şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir. Çünki Putinin təyyarəsi Qarabağa endikdən sonra o, İlham Əliyevlə görüşüb fikir mübadiləsi apardıqdan sonra “neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək erməni separatçılarının lideri ilə də görüşəcək. Belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz. Putinin Şuşayla yanaşı Xankəndiyə gəlişinin Azərbaycana zərəri faydasından çoxdur. Ona görə də Azərbaycan Qarabağın tamamına nəzarət etmədən və bölgədəki erməniləri tərksilah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur”.

Elxan Şahinoğlunun dediyinə görə, Putinin özü də anlayır ki, hazırki şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı Xankəndiyə getsə, bu, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq. Putin yalnız bu zaman Qarabağa gələ biləcək:

“Putinin yalnız Şuşaya və ya Füzuli, Zəngilana ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır.

Buna baxmayaraq, başqa dövlətlərin rəsmilərinin Füzuli hava limanı üzərindən Qarabağa gəlişləri mümkündür. Bu sırada Azərbaycana dost dövlətlərin – Pakistan, Ukrayna, Gürcüstan, Macarıstanın rəsmi nümayəndə heyətlərinin Qarabağla tanış olmaları mümkündür. Şuşa tam bərpa olunduqdan sonra bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını da keçirmək mümkündür”.

Çağatay Noqay

AJMEDİA.İNFO