15 May 2024
Ən yaxşı yəhudi – O hələ keçən il Ukraynadan İsrailə qaça bilərdi!

Ən yaxşı yəhudi – O hələ keçən il Ukraynadan İsrailə qaça bilərdi!

17 İyun 2023
Baxış: 493

Birinin qanuni evinə girən cinayətkara, oğru-quldura heç vaxt haqq qazandırmaq, ev yiyəsini isə suçlamaq olmaz. Bunu edən varsa, demək, adam elementar bəşəri-mənəvi dəyərlərdən, o sırada haqq-ədalətdən bixəbərdir. Yaxud da qərəzlidir. Bütün hallarda, bu həmin şəxsin həm də nataraz ruhi durumundan xəbər verir.

Ev sahibini “qapını yaxşı bağlamamağa”, “mühafizəni lazımınca qurmamağa” görə məzəmmət eləmək olar və lazımdır da. Fəqət, bu, basqınçının hərəkətlərinə bəraət naminə edilməməlidir!

Soyğunçunun, oğrunun, işğalçının adı üstündə. Vicdanlı, ədalətli insanların borcu onunla elə bu cür – qarətçi, oğru, işğalçı kimi davranmaq, layiqli cəza almasına nail olmaqdır, nəinki cinayətkarla alverə, bazarlığa getmək, ikiüzlülük eləmək. Bu, həm də bir daha belə haqsızlığın yaşanmaması və başqalarına görk olması üçün gərəkdir...

Məntiqlidir: zülmə, ədalətsizliyə qarşı çıxan olsa, zülm və ədalətsizlik də olmaz. Rusiyanın Ukraynaya qarşı ikinci ildir davam hərbi təcavüzünün də bircə adı var: qonşunun evinə zorla soxulmaq. Silahlı basqın, talançılıq, qarət!

Beləcə, əsrlər ötsə də Rusiyanın yırtıcı, quldur mahiyyəti dəyişməz qalır. Dünya üçün, özəlliklə qonşu dövlətlər üçün, qlobal sülh üçün ən böyük təhlükə də məhz budur – “Rus ayısı”nın bitməyən torpaq iştahası.

Üstəgəl, onun əlində minlərlə (!) nüvə başlığı var və az qala, hər gün V.Putin və onun “göylərdə süzən” anormal dostu D.Medvedyev “filan əraziləri bizə verməsəniz dünyanı partladacağıq” deyib hədələyirlər...

Dostdan söz düşmüşkən, Putin dünən bildirib ki, yəhudi dostları çoxdur və onlar guya yəhudi Volodimir Zelenskiyə görə utanırlar.

Əcəb işdir. Normal yəhudi Zelenskiyə görə niyə utanmalıdır ki? Heç evə soxulan oğru-quldur utanıb-qızarmır, yerə girmir. Ev yiyəsi – Ukrayna prezidenti niyə xəcalət çəksin, yəhudiləri utandırsın ki? Adam neçə ildir öz qanuni torpaqlarını, ölkəsini, xalqını heç bir yazılı və yazılmayan qayda hərləməyən, Ukraynanı yer üzündən silməyə çalışan (Rusiya rəhbərliyi bunu açıq deyir!) təcavüzkardan qorumaqla məşğuldur. Başqa nə eləməlidir?..

O ki qaldı Putinin yəhudi dostlarına, ola bilər. Misal üçün, onlardan biri yəhudi əsilli telejurnalist, Kremlin əsas təbliğat ruporlarından sayılan və faşist baxışları ilə nasirləri belə kölgədə qoymuş Vladimir Rudolfoviç Soloyovdur. O gün bu zat deyirdi ki, bir ukraynalı da əsir götürülməməlidir, yalnız güllələmək! Yəhudi toplumunu xəcalətli edən indi kimdir?

Allah kəssin bu cür dostları. Ondansa, heç adamın dostu-simsarı olmasın. Amma nə edəsən ki, su axıb öz çuxurunu tapır. Yaxşı deyiblər, dostunu göstər, deyim kimsən...

Amma insanların ən yaxşısı, ən yaxşı yəhudi, ən yaxşı rus, ən yaxşı türk, ən yaxşı erməni bilirsizmi kimdir? Əlbəttə ki, minnətsiz-filansız HAQQIN yanında olan, ondan da yaxşısı isə HAQQI nəyin bahasına olur-olsun, müdafiə edən ədalətli insan!

Zelenski Rusiyanın hərbi təcavüzü başlayandan öz ölkəsini və xalqını taleyin ümidinə buraxaraq heç yerə getməyib. Gedibsə də, şəxsi işlərinə görə getməyib. Ukraynaya dəstəyin güclənməsi üçün başqa ölkələrə səfər edib. Dəfələrlə döyüş bölgələrində olub. Halbuki hər şeyi atıb qaça və ya istefa verib rahat həyat dalınca gedə bilərdi. Lap elə İsraildə özünə və ailəsinə gözəl güzəran qurardı. İstəmədi. Xalqı ilə qaldı. Halal olsun!

Odur ki, heç kim inciməsin, bu gün ən yaxşı, ən iradəli, ən qürurlu yəhudi məhz odur – Volodimir Zelenski!

Slava Ukraini!..

musavat.com