18 May 2024
Elnur Allahverdiyev: “Ermənistan rəhbərliyinə reallıq bir qədər gec çatır”

Elnur Allahverdiyev: “Ermənistan rəhbərliyinə reallıq bir qədər gec çatır”

16 Dekabr 2021
Baxış: 601

“Brüssel görüşünün nəticələri əvvəldən proqnozlaşdırılırdı. Çünki Prezident İlham Əliyev üçtərəfli bəyanat imzalanandan etibarən Ermənistan tərəfini dəfələrlə xəbərdar etmişdi ki, onların başqa çıxış yolu yoxdur, bu siyasətləri isə proseslərə ləngitməkdən başqa heç bir təsir edə bilməyəcək. Görünür, Ermənistan rəhbərliyinə reallıq bir qədər gec çatır”.

Bu sözləri Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün nəticələrini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

E.Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyev hələ Paşinyanla görüşdən öncə NATO-nun baş katibi ilə birgə brifinqdə real vəziyyətin ümumi mənzərəsini bəyan etmişdi:

“Dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bəyan etdi ki, dəmir yolu ilə bağlı tam razılıq var, avtomobil yolunun marşrutu barədə isə danışıqlar davam edir. Əgər Ermənistan öz ərazisində gömrük prosedurları tətbiq etsə, eyni prosesi biz də Laçın dəhlizində icra edəcəyik. Yəni faktiki olaraq cənab Prezident Ermənistan tərəfini iki yoldan birini seçmək kimi dilemma qarşısında qoymuşdu”.

Millət vəkili hesab edir ki, Ermənistanın maraqları nöqteyi-nəzərdən Paşinyanın istəyi məntiqli görünür. Ölkə iqtisadiyyatı yox səviyyəsindədir və əlavə maliyyə Ermənistanda hamıya, xüsusilə də hökumətə lazımdır.

“Görüşün nəticələrindən belə məlumdur ki, dəmir yolu xətti ilə bağlı məsələ tam həllini tapıb. Bunu Prezident İlham Əliyev də təsdiqlədi. Biz tikintini sürətlə davam etdiririk” – deyə deputat vurğulayıb.

E.Allahverdiyevin fikrincə, Ermənistanda uşaqdan böyüyədək hər kəs münaqişənin bitdiyini, Qarabağdakı separatizmin sonunun çatdığını anlayır və bunu qəbul etməkdən başqa çarələri də yoxdur:

“Müxalifətin müqaviməti tükənib, çünki ac xalqdan dəstək ala bilmir. Çabalayan sadəcə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndidəki 3-5 separatçıdır, onlar da son nəfəslərindədirlər. Həm Soçi, həm də Brüssel görüşləri göstərdi ki, nə status, nə də münaqişə barədə danışan yoxdur. Mövzu sərhədlər və gələcək iqtisadi əməkdaşlıqdır. Ona görə də Paşinyanın seçdiyi yolu faktiki olaraq Xankəndidəki separatçı qurumdan imtina kimi qiymətləndirmək lazımdır”.

Milli Məclisin deputatının qənaətinə görə, Laçın dəhlizində gömrük prosedurlarının tətbiqi sərhədlərin delimitasiya və demarkasiyasını da sürətləndirəcək.

“Gömrük varsa, sərhəd də var. Bu, sərhədlərin müəyyən edilməsi prosesini tezləşdirəcək. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan vətəndaşı olmuş ermənilərin bizim hüquqi məkanımıza dönüşləri sürətlənəcək. Əks halda get-gəl prosesində sərhəddə və gömrükdə xarici vətəndaş olaraq qəbul ediləcəklər. Pasportlarımızı alsınlar, vətəndaşımız kimi yaşasınlar” – deyə E.Allahverdiyev bildirib.