17 May 2024
Əhməd Vəliyev “Muğan Bank”ın borclarına görə obyektlərini satır? – “Sübut olunsa ki...”

Əhməd Vəliyev “Muğan Bank”ın borclarına görə obyektlərini satır? – “Sübut olunsa ki...”

27 Oktyabr 2023
Baxış: 438

“Muğan Bank” ASC-nin bağlanmasından sonra yaranan narahatçılıqlardan biri də bankın borcları ilə bağlıdır. Bankın böyük məbləğdə borcu var və bu borcların yalnız bankın aktivləri hesabına qaytarılması mümkün olmaya bilər.

AJMEDİA.İNFO Gundem,az-a istinadla bildirir ki, bankın borclarını 2 qrupa bölmək olar. Birinci qrup fiziki şəxslərdən cəlb edilən sığortalanmış və kompensasiya olunan borclardır. Burada söhbət əmanətlərdən gedir. Sığortalanan və tam kompensasiya edilən öhdəliklərin həcmi 216,7 milyon manatdır. Həmin borclar Əmanətlərin Sığortalanması Fondu tərəfindən bir neçə ay ərzində fiziki şəxslərə qaytarılacaq.

Bankın ikinci qrup borcu isə sığortalanmayan borclardır. Onların məbləği 284,3 milyon manatdır. Bu vəsaitin 105,8 milyon manatı fiziki və hüquqi şəxslərin depozitlərindən, 168,4 milyon manatı “Muğan Bank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərindən, 10,1 milyon manatı isə vergilər və digər öhdəliklərdən ibarətdir.

Göründüyü kimi bankın sığortalanmayan borcu daha böyükdür.

Qeyd edək ki, sığortalanmayan borcla yanaşı Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərə əmanətlərin qaytarılmasına görə ödəyəcəyi vəsait də bankın borcu hesab edilir. Fondun ödədiyi sığorta pulu da sonradan bankın aktivləri hesabına geri qaytarılır. Həmin vəsaiti də nəzərə aldıqda bank 501 milyon manatlıq borc yükünə sahibdir.

Qanunvericiliyə əsasən bütün borclar bankın aktivləri hesabına qaytarılmalıdır. Lakin təcrübə göstərir ki, müflis olan banklarda aktivlər hesabına borcları tam ödəmək mümkün olmur, çoxlu sayda fiziki və hüquqi şəxs bağlanan bankda olan vəsaitini geri ala bilmir.

Bu halda borcların qaytarılması üçün bankın sahiblərinin digər vəsaitlərindən, yəni əmlakından istifadə edilə bilərmi?

Xatırladaq ki, bankın sahibi keçmiş millət vəkili Əhməd Vəliyevin övladları və onun digər qohumlarıdır. Bank bağlananda səhmlərin 80 faizi Ə.Vəliyevin oğlanları Samir Vəliyevə (40 faiz) və Munir Vəliyevə (40 faiz) məxsus olub. Səhmlərin digər 20 faizi Ə.Vəliyevin qudası Fəridə Mehdiyevaya (10,9 faiz), qızı Vəfa Vəliyevaya (8,3 faiz) və kürəkəni Elmir Mehdiyevə (0,8 faiz) məxsusdur.

Vəliyevlər ailəsinin “Muğan Bank”dan başqa bazar dəyəri yüksək olan əmlakları da var. Bunlar arasında Odlar Yurdu Universitetini, “British School in Baku” Tam Orta İnnovasiyalar Məktəbini, "Kids Academy by British School" Bağça və Tədris Mərkəzini göstərmək olar. Bunlar hələ bizə məlum olan əmlaklardır. Böyük ehtimalla Vəliyevlərin bizim bilmədiyimiz, bazar dəyəri bir neçə milyon manatla ölçülən başqa daşınmaz və daşınar əmlakları da var.

Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov saytımıza açıqlamasında bildirdi ki, qanunvericiliyə əsasən hüquqi şəxsin sahibi onun öhdəliklərinə görə məsuliyyət daşımır:

“Hüquqi şəxsi ona görə yaradırlar ki, məsuliyyət məhdudlaşsın. Bir nəfər hüquqi şəxs təsis edən zaman onun üçün nizamnamə kapitalı ayırır. Bankların nizamnamə kapitalı 50 milyon manatdan az olmamalıdır. Əgər banklar müflis olduğuna görə bağlanırsa və onun əvvəllər cəlb etdiyi vəsaitlərlər borcunu ödəmək üçün kifayət etmirsə, o zaman bankın nizamnamə kapitalında olan vəsait istifadə edilir. Nizamnamə kapitalı da kifayət etmədikdə bankın sahibi bankın digər öhdəliklərinə görə məsuliyyət daşımır”.

Bununla belə Ə.Həsənov qeyd etdi ki, Azərbaycanda əksər hallarda hüquqi şəxslərin, o cümlədən bankların müflisləşməsində onun sahiblərinin günahı olur. Onun sözlərinə görə əgər sahibkarların günahı subuta yetirilərsə, onların sahib olduğu başqa vəsaitlər də borcun qaytarılmasında istifadə edilə bilər:

“Sübut edilsə ki, bankın müflis olmasında onun sahiblərinin günahı var, yəni, səhmdarlar mənimsəməyə yol verib, özlərinə kreditlər ayrılıb və s. o halda, bankın sahiblərinin digər əmlakları borcların qaytarılması üçün istifadə edilir. Bununla bağlı faktlar olmalı və məhkəmədə bank sahiblərinin qeyri-qanuni müdaxiləsi nəticəsində bankın müflis olduğu sübuta yetirilməlidir”.

Orxan