19 May 2024
Əfqanıstandan qaçan ABŞ-ın yerini bu ölkələr tutmaq istəyir - YENİ PLAN

Əfqanıstandan qaçan ABŞ-ın yerini bu ölkələr tutmaq istəyir - YENİ PLAN

18 Avqust 2021
Baxış: 582

ABŞ ordusunun Əfqanıstandan çıxmasından əvvəl "Taliban"la müxtəlif səviyyələrdə təmasları artıran Çin, Rusiya və Pakistan indi bu əlaqələrini daha da gücləndirir.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, Pekin hökuməti "Taliban" hakimiyyətini tanımaq hazırlığı həyata keçirərkən Rusiya prosesə daha təmkinli yanaşır. Pakistan isə sabitlik vurğusu edir.

Analitiklər hesab edirlər ki, ABŞ-ın 20 il sonra Əfqanıstanı tərk etməsi nəticəsində yaranacaq boşluğu əsasən Çin, Rusiya və Pakistanın dolduracağı realdır.

Bu üç ölkənin hazırda Kabildəki səfirliyinin normal qaydada işləməsi də deyilənlərə bir sübutdur. Məlumatlara görə, "Taliban" avqustun 15-də Kabili ələ keçirdikdən sonra bu ölkələr onlarla əlaqələrini daha da genişləndirib.

Əfqanıstanla qonşu ölkələrdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində yatırımlara sahib Çin hökuməti Kabildə yaşanacaq qeyri-sabitlik səbəbindən bu layihəsinə təhlükə yaranacağını bilir. Bununla paralel olaraq Əfqanıstan üçün mümkün olacaq sərmayə fürsətləri, infrastruktur və zəngin mədən ehtiyatları sahələrində layihələrə meyl edir. Bu çərçivədə "Taliban" heyəti iyul ayında Pekində qəbul edilib. Ehtimal olunur ki, həmin görüşdə "Taliban" heyətindən Çinə qarşı təhdidlərin əngəllənməsi başda olmaqla, təhlükəsizlik qarantiyası alınıb.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl Çin Xarici İşlər Nazirliyi Əfqanıstanda böyük dəyişikliklərin yaşandığını, Pekinin Əfqan xalqının istək və seçiminə hörmətlə yanaşdığını elan edib. Qeyd edilib ki, Çin Kabildəki "Taliban" iqtidarını tanımağa hazırdır.

ABŞ-ın Əfqanıstandan qaçmasından sonra bu ölkədə təsirlərini artırmaq niyyətində olan digər ölkə Rusiyadır. Moskva ABŞ-ın Əfqanıstandan ayrılmasını qələbə kimi qiymətləndirir və "Taliban"la ölkənin təhlükəsizlik probleminin həll etməsi məqsədilə təmaslar qurur. Moskva "Taliban"ın Orta Asiya daxilinə yönəlik terror təhdidinin qarşısını alması qarşılığında diplomatik təmaslar vəd edir. 30 il əvvəl ABŞ kimi Əfqanıstandan qaçmaq məcburiyyətində qalmış Rusiya indi Kabildə siyasi mövcudluğunun canlı olmasını istəyir. Elə bu çərçivədə də Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov sağlam şərtlər çərçivəsində Kabildəki yeni hakimiyyəti tanıya bilmələri ehtimalından söz açıb.

Əfqanıstanla uzun sərhədi olan və milyonlarla əfqan qaçqınını özündə qonaq edən Pakistanın da önümüzdəki mərhələdə Kabil üzərində ən təsirli aktyorlardan birinə çeviriləcəyinə real baxılır. İslamabad Kabildə özünə yaxın, istiqlal və sabitliyi təmin edəcək hakimiyyətin varlığından məmnuniyyət duyacağını dövlət rəsmilərinin dili ilə açıqlayıb.

Pakistan üçün Əfqanıstanda yeni vətəndaş müharibəsi yaşanmadan, problemsiz bir hakimiyyətin olması vacibdir. Pakistan Xarici işlər naziri Şah Mahmud Kureyşi İslamabadın təmkinli siyasət izləyəcəyini bəyan edib. Amma o da aydındır ki, Taliban onun qapısını döyən ölkələrlə müqayisədə Pakistana daha ilımlı baxacaq.