05 May 2024
Cənubi Koreya məktəblərində dərslər gələn həftədən bərpa olunacaq

Cənubi Koreya məktəblərində dərslər gələn həftədən bərpa olunacaq

04 May 2020
Baxış: 484

Cənubi Koreyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar orta məktəblərdə təxirə salınan dərslər gələn həftədən etibarən bərpa olunmağa başlayacaq.

AJM Yonhap agentliyinə istinadla xəbər verir ki, Təhsil naziri Yu Eun-he ilkin mərhələdə mayın 13-də yuxarı sinif şagirdləri üçün dərslərin bərpa olunacağını açıqlayıb. Daha sonrakı mərhələlərdə isə digər siniflərin şagirdləri məktəblərdə dərslərə başlayacaqlar. Bu proses iyunun 1-dək davam edəcək.

Cənubi Koreyada orta məktəblərdə yeni dərs ili adətən mart ayında başlayır. Amma pandemiya ilə əlaqədar məktəblərdə dərslərin başlanması təxirə salınmış, paralel olaraq onlayn dərslərin təşkilinə start verilmişdi. Cənubi Koreya tarixində ilk dəfə idi ki, yeni dərs ili onlayn formada başlayırdı.

Qeyd edək ki, son günlər Cənubi Koreyada virusa yoluxma halları əhəmiyyətli dərəcədə azalıb. Əgər fevralın sonlarında bu rəqəm gündəlik 900 idisə, son 25 gündür yoluxma hallarının sayı 50-dən aşağı olub. Bəzi günlərdə isə hətta təkrəqəmli say qeydə alınıb. Ötən sutka ərzində isə 8 yoluxma qeydə alınıb ki, onların da hamısı xarici mənşəlidir. İndiyədək Cənubi Koreyada COVID-19 infeksiyasına 10 min 801 yoluxma, 252 ölüm halı qeydə alınıb. Pasiyentlərin 85 faizi sağalaraq xəstəxananı tərk edib. Hökumət mayın 6-dan etibarən karantin rejiminin yumşaldılmasına qərar verib.