21 May 2024
“Buça qəssabı” Azatbek – Rus köləsi olan polkovnik hərbi cani elan edilib

“Buça qəssabı” Azatbek – Rus köləsi olan polkovnik hərbi cani elan edilib

23 Aprel 2022
Baxış: 684

Bu gün dünyanın hər yerində (Rusiya və Belarusdan başqa) onun adının önündə polkovnik rütbəsini qeyd etməzdən öncə “Buça qəssabı” yazırlar.

40 yaşlı Azatbek Asanbekoviç Omurbekov artıq hərbi cani elan edilib. O, Rusiyanın 65-cü moto-atıcı briqadasının komandiridir. Müharibə başlamazdan öncə Omurbekov podpolkovnik idi, iki ayın içində göstərdiyi “hərbi şücaətlər”ə görə polkovnik rütbəsi alıb.

Müharibə bir az da uzansa və Azatbekin “rəşadətli döyüş yolu” davam etsə, qəfil gülləyə və dron mərmisinə tuş gəlməsə, tezliklə general da olacaq.

Asanbekoviçin “şücaət və rəşadət”lərinə Ukraynanın Buça şəhərində törədilən hərbi cinayətlər daxildir. Onun rəhbərlik etdiyi briqada bu şəhərdə yüzlərlə mülki şəxsi güllələyib, onları qardaşlıq məzarlarında basdırıb, yaxud küçələrə atıb. Onun əsgərləri yüzlərlə qadını, yeniyetməni və uşağı zorlayıblar, insanlara işgəncə veriblər, dağıntılar törədiblər. Bir sözlə, qədimdə və orta əsrlərdə müqavimət göstərən qala-şəhərlərin əhalisinin başına necə dəhşətli faciələr gələrdisə, rus hərbi birləşməsi Omurbekovun komandanlığı altında o cinayətlərin hamısını edib.

66.jpg (32 KB)

Əsgərə nə var, o, əmr quludur, hərbi cinayət törədən əsgərləri hələm-hələm beynəlxalq tribunallara çəkmirlər, amma generalların və polkovniklərin dəmir qəfəsdə, müttəhimlər kürsüsündə çarəsiz-çarəsiz, yazıq-yazıq məhkəmə hökmü gözləmələri faktı çox olub və belə görünür ki, yenə olacaq. Omurbekovu bu taledən yalnız Rusiyanın bütün dünyaya qalib gələrək, “qalibləri mühakimə etmirlər” havasına girməsi qurtara bilər, bir də uzaqdan gələn və ya gicgaha sıxılmış güllə.

Omurbekov Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaqıstan muxtar respublikasında doğulub, milliyyətcə qaraqalpaq türküdür. Bəzi media orqanlarında onun əvvəlvə səhvən qırğız əsilli olduğu göstərilsə də, həqiqət budur ki, o, qaraqalpaqıstanlıdır. 2021-ci ilin noyabrında o, dinini dəyişərək pravoslav məzhəbinə tapınan xristian olub. Ancaq üstündən iki ay keçmədən Omurbekov öz pravoslav qardaşlarının qanını töküb, namusuna təcavüz edib.

31.JPG (85 KB)

Deyilə bilər ki, bunlar iddialardır, Omurbekovun cinayətləri hələ sübut edilməyib. Ancaq bu şəxsin və onun briqadasının törətdiyi cinayətlərə dair o qədər çoxlu faktlar və şahid ifadələri var ki, heç bir əks-dəlillə hərbi cinayəti ört-basdır etmək mümkün deyil.

Bəzən belə qələmə verirlər ki, Buçada aşkar edilən kütləvi məzarlıqları Ukrayna ordusunun birləşmələri də törədə bilərdi. Ancaq bunlar normal insanın inanması mümkün olmayan nağıllardır. Qana susamış aqressor da, təslim olmaq istəməyən şəhərdən qisas almaq istəyənlər də, dörd bir tərəfə təhdid sovuranlar da ortadadırsa, “naməlum irticaçıları” axtarmaq artıq işdir.

Ona qalsa, Radovan Karaciç və Ratko Mladiç kimi serb hərbi canilərdən söhbət düşəndə müdafiəçiləri hər şeyi inkar edirdilər, onları “döyüşkən generallar” adlandırırdılar. Ancaq Haaqa məhkəməsi təkzibedilməz dəlillərlə sübut etdi ki, bu şəxslər əliyalın insanları kütləvi şəkildə güllələtdirən, ərləri, qardaşları öldürülmüş qadınları kütləvi halda zorlatdıran alçaq canilərdir.

41.JPG (50 KB)

Ona görə də gələcəkdə məhkəmə araşdırması olacaqsa, Omurbekovun və ona tabe olan zabitlərin cinayətləri bir-bir üzə çıxarılacaq. Zatən müasir kriminalistika elmi gülləlnin hansı silahlardan və hansı məsafədən atıldığını asanca müəyyən edir. Üstəlik, peyk çəkilişləri də var. İndilikdə bütün izlər Omurbekovun və onun komandirlik etdiyi hərbçilərin üzərinə aparır.

Bəs Buçada “qəssablıq etmək” əmri Omurbekova qəsdən verilmiş ola bilərmi? Əlbəttə, ola bilər. Slavyan mənşəli əsgərlər soydaşlarına silah qaldırmağa tərəddüd edərkən (belə faktlar olub), o və digər qeyri-slavyan mənşəli əsgərlər heç bir vicdan əzabı çəkmədən, hissə qapılmadan bu əmrləri icra edə bilərdilər.

567.JPG (47 KB)

Bu baxımdan Omurbekovun öz dədə-baba dinindən dönməsi və yeni dindaşlarını kütləvi şəkildə öldürməsi hadisəsi anlaşılandır. O, məşhur yazıçı Çingiz Aytmatovun “Əsrə bərabər gün” (yaxud “Əsrdən uzun çəkən gün”) romanındakı rəvayətdən tanıdığımız manqurt Yolomandan fərqli düşüncəyə malik deyil.

Yoloman öz anasına qarşı cinayət edəcək qədər zombiləşmişdisə, Omurbekov bəşəri cinayət törədib, minlərlə ananın faciəsinə bais olub.

Bizə tarixi ədalətin öz yerini almasını, hərbi canilərin cəzalandırılmasını gözləmək qalır. Musavat.com