06 May 2024
"Bu qış istilikdən istifadə edəndə şükür etsinlər" - Millət vəkili

"Bu qış istilikdən istifadə edəndə şükür etsinlər" - Millət vəkili

15 Noyabr 2023
Baxış: 471

"Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarından biri də guya Azərbaycanın Rusiya qazını Avropaya nəql etməsidir".

AJMEDİA.İNFO xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, dünən keçirilən müzakirələrdə və eləcə də Avropa Parlamentinin bir sıra üzvləri ilə görüşlərdə bu məsələni müzakirə ediblər:

"Təəssüf ki, bu qərəzli iddianı irəli sürənlərin heç birinin hər hansı faktı və real statistikası yoxdur. Bu sadəcə saxta, qərəzli iddiadır və reallığa əsaslanmır. Rusiya-Ukrayna müharibəsindən əvvəl 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43.9 milyard kub metr olub. Bu o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə Azərbaycan Avropaya 12.0 milyard kub metr qaz ixrac etmək imkanına malik ola bilirdi. 2022-ci ildə qaz hasilatı 46,7 milyard kubmetr olub və 2023-cü ildə hasilatın 48.7 milyard kub metr olacağı gözlənilir. Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb və bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin".

Deputat vurğulayıb ki, 2022-ci ildə Azərbaycan cəmi 1 milyard kub metr qaz idxal edib və onun cəmi 10.0 faizi Rusiyanın payına düşüb:

"İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq, Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur. Şahdəniz-2, Abşeron və yeni digər yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını 2 dəfə artırmağa imkan verir. Mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir".

V.Bayramov qeyd edib ki, 2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kub metr olması gözlənilir ki, onun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək:


"Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Aİ, hətta digər tərəfdaşların qaz istehlakına töhvə verməyə imkan verir. Nəhayət, 2022 və 2023-cü illərin soyuq qışında Avropanın enerji təhlükəsizliyinə dəstək verən Azərbaycanın töhvəsini qiymətləndirə bilməyən Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa bu qış istilikdən istifadə edəndə şükür etsinlər".