16 May 2024
Boris Consonun istefa verməsinə səbəb olan ŞOK QALMAQALLAR

Boris Consonun istefa verməsinə səbəb olan ŞOK QALMAQALLAR

08 İyul 2022
Baxış: 327

Böyük Britaniyanın baş naziri Boris Conson uzun müddət müqavimət göstərdiyi təzyiqlərə tab gətirə bilməyib, dünən tutduğu vəzifədən istefa verib.


AJMEDİA.İNFO- nun xarici mediaya istinadən məlumatına görə, həm baş nazirlikdən, həm də Mühafizəkarlar Partiyasının sədrliyindən istefa verdiyini açıqlayan Conson oktyabrda yeni baş nazir seçilənə qədər fəaliyyətini davam etdirəcəyini bildirib.

Artıq təkcə İngiltərənin deyil, dünya siyasətinin də rəngarəng simaları arasında yerini tutan Conson karyerasına jurnalist kimi “The Times”da başlayıb.

2001-ci ildə İcmalar Palatasına seçildikdən sonra siyasətə qədəm qoyub.

O, 2008-ci ildə London meri seçilib və 2016-cı ilə qədər iki müddət bu vəzifədə çalışıb.

Daha sonra xarici işlər naziri vəzifəsinə təyin edilən Conson 2018-ci ildə Tereza Meyin istefasından sonra “Brexit” (Böyük Britaniyanın Aİ-dən çıxması) vədi ilə ölkənin yeni baş naziri olub.

31 yanvar 2020-ci ildə Brexit vədini yerinə yetirsə də, sonra vəzifədə olduğu müddətdə adı müxtəlif qalmaqallarla gündəmə gəlib.

Ona ilk zərbəni COVID-19 pandemiyası vurub.

Başlanğıcda pandemiyanı ciddi qəbul etməyən və kütləvi immunitet metoduna üstünlük verən Conson İngiltərədə virusun sürətlə yayılmasına və səhiyyə sisteminin az qala çökməsinə səbəb olub.

Özü 2020-ci ilin martında koronavirusa yoluxub və reanimasiyada da müalicə olunub.

Kütləvi immunitetə üstünlük verdikdən sonra bu xəstəliyə tutulması cəmiyyətdə kəskin reaksiya doğurub.

Consonu sarsıdan digər bir qalmaqal pandemiya məhdudiyyətləri zamanı baş nazirin 10 nömrəli iqamətgahında verdiyi gizli ziyafətlər idi.

Məlum olub ki, Consonun həm yaşadığı, həm də işlədiyi 10 nömrəli binada və bir neçə digər nazirlik binasında ən azı 17 parti keçirilib.

O zaman İngiltərədə COVID məhdudiyyətləri qüvvədə idi.

Daha da pisi, 16 aprel 2021-ci ildə, İngiltərə kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filipin dəfnindən bir gün əvvəl, COVID qaydalarına zidd olaraq iki ziyafət keçirilib.

Kraliça isə məhdudiyyətlərə görə dəfn mərasimində tək iştirak edib. Boris Conson üzr istəyib.

Bununla belə, əks reaksiya davam edib.

Conson şəxsi həyatı ilə də tez-tez gündəmə gəlib.

Məlum olub ki, o, başqası ilə evli olarkən özündən 24 yaş kiçik olan Mühafizəkarlar Partiyasının keçmiş rabitə məsləhətçisi Kerri Saymondsla birlikdə olub.

Cütlüyün 2020-ci ildə oğlu Vilfred dünyaya gəlib və Conson 6-cı dəfə ata olub.

Nişanlı cütlük daha sonra evlənib.

Consonun hökumət qərarlarında Kerri Saymondsun təsir etdiyi iddia edilib.

Boris Consona yaxın bir çox şəxsin bir-birinin ardınca istefa verməsində də Saymondsun təsirlərinin olduğu vurğulanıb.

Onun fevral ayında Mühafizəkarlar Partiyasının Məclisdəki Qrup Müdiri vəzifəsinə təyin etdiyi Kris Pinçer haqqında təcavüz iddialarının irəli sürülməsi də onun vəzifəsinə kölgə salan digər səbəblərdəndir.

Conson əvvəl bu iddialardan xəbərsiz olduğunu bildirib.

Lakin bir gün əvvəl Pinçer haqqında üç il əvvəldən belə bir ittiham olduğunu bildiyini etiraf edib.

O, “böyük təəssüf hissi keçirdiyini” bildirib.

Bu etirafdan bir neçə saat sonra, 5 kabinet naziri də daxil olmaqla, 50-yə yaxın yüksək vəzifəli məmur Consona cavab olaraq istefa verib.(manset.az)