19 May 2024
“Berkshire Hathaway” üç ayda 50 milyard dollar zərərə uğrayıb

“Berkshire Hathaway” üç ayda 50 milyard dollar zərərə uğrayıb

03 May 2020
Baxış: 413

Sahibkar və sərmayəçi Uorren Baffetin rəhbərlik etdiyi “Berkshire Hathaway” holdinqi koronavirusun yayılması səbəbindən ilk rübdə təxminən 50 milyard dollar zərərə düşüb.

AJM TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın mayın 2-də dərc olunan korporativ hesabatında deyilir.

Martın 31-də başa çatan üç aylıq dövrün nəticələrinə əsasən, “Berkshire Hathaway” kompaniyasının xalis itkisi 49,7 milyard dollar təşkil edib. Halbuki holdinq ötən ilin analoji dövrünü 21,7 milyard dollar gəlirlə başa vurmuşdu.

“Berkshire Hathaway” holdinqi onlarla kompaniyanın böyük səhm paketlərinə sahibdir. Onların sırasında ABŞ-ın aparıcı aviakompaniyaları, bankları və texnika istehsalçıları da var. Koronavirusun yayılması ABŞ iqtisadiyyatına ciddi zərər vurub və bir çox kompaniyanın səhmlərinin xeyli dəyər itirməsinə səbəb olub.

Bloomberg agentliyinin məlumatına əsasən, “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet hazırda dünyanın ən varlı insanları reytinqində beşinci yeri tutur. Onun varidatı ilin əvvəlindən bəri 17 milyard dollar azalaraq 72 milyard dollara enib.