20 May 2024
Bakıya qarşı daha bir sanksiya çağırışı

Bakıya qarşı daha bir sanksiya çağırışı

31 Yanvar 2024
Baxış: 421

Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri yenə bizi işğalçılıqda, etnik təmizləmədə ittiham edir, son proseslər erməni lobbisini əməllicə həvəsləndirib; Aydın Mirzəzadə: “Erməni millətçiləri anlamır ki, dünya onların diktəsi ilə işləmir”

Fransa Senatının, AŞ PA-nın Azərbaycanla bağlı qərəzli bəyanatlarının ardınca ABŞ Konqresi də hərəkətə keçib. Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri Frank Pallone, Qus Bilirakis, Adam Şiff və David Valadao Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıblar. Pallonenin X sosial şəbəkəsində ermənipərəst “dördlüyün” bəyanatı yayılıb və təxribatçı fikirlər səslənib:

“Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmaqdan imtina edir”. Onlar iddia edir ki, oxşar ssenari “100 mindən çox Qarabağ ermənisinə qarşı etnik təmizləmə” həyata keçirmək üçün də istifadə edilib: “ABŞ və onun regional tərəfdaşları Azərbaycanın açıq təhdidlərinə cavab olaraq Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün bütün diplomatik vasitələrdən, o cümlədən sanksiyalardan istifadə etməlidir”. Belə görünür ki, son proseslər erməni lobbisini əməllicə həvəsləndirib. Onlara elə gəlir ki, ölkəmizə sanksiya tətbiq etməyə nail ola biləcəklər. Hətta Azərbaycanın neft-qaz sənayesinə sanksiyalar tətbiqinə çağırışlar səslənməkdədir.

Amma Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfərini başa vurduqdan sonra Azərbaycanla münasibətlərin perspektivinə “xüsusi statuslu” qiymət verib. Cənab Klaar Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözlədiyini bildirib. Bu açıqlama erməni lobbisi üçün bir soyuq duş effekti ola bilər. Aİ-nin Bakı ilə əlaqələri daha da inkişaf etdirmək planı sanksiya arzusunda olanların istəklərini gözündə qoyacaq. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıda imzaladığı strateji qaz sənədi də unudulmamalıdır. Azərbaycan Balkanların, Şərqi Avropanın qaz tələbatının ödənilməsində müstəsna rol oynayır, hansı sanksiyalardan söhbət gedə bilər? Bakıya ən pis halda hansısa əski parçası olan qətnamələr, bəyanatlarla pislik edilə bilər. Eləcə də erməni lobbisinin əlinə baxan konqresmenlərin növbəti çağırışı da keçərsiz olacaq. Yenə eyni adlar, eyni simasızlar... Bu dəfə barəsində cinayət işi açılmış Menendezin adı görünmədi. Musavat.com